Prezidentin II Şuşa Qlobal Media Formununda çıxışı bir çox məsələyə aydınlıq gətirmişdir
Badamxanım Kərimli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 276 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq aləmdə xüsusi nüfuza malik olması, ərazi bütövlüyünün tanınması, daxili və xarici siyasətinin inkişafı, xüsusilə də Azərbaycanlıların Soyqırımı, keçmiş Qarabağ münaqişəsi ilə bağlı Prezident cənab İlham Əliyev dəfələrlə əməli və praktik addımlar atmışdır. Cənab İlham Əliyev müstəqil Azərbaycan Prezidenti kimi bütün xarici səfərlərində, yerli və beynəlxalq çıxışlarında “Qarabağ Azərbaycandır!“, “Qarabağ Azərbaycanın əzəli və əbədi torpaqlarıdır “ şüarlarını səsləndirərək həm haqq səsimizi bütün dünyaya bəyan etmişdir. Cənab İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi həm Azərbaycanın tam ərazi bütövlüyünün bərpasına prezidentliyi dövründə nail olmuş, həm də yayılan yalan məlumatların siyasi sübutlarla qarşısını almışdır.
Ermənistana əbəs yerə yağı düşmən deməmişik. Ermənilərin Azərbaycana işğalçı hücumlarına, etnik təmizlənmənin qurbanı olmağımıza baxmayaraq, ermənipərəst siyasətçilərin, erməni tərəfdaşlarının hər zaman cahil düşüncələri ilə mətbuata yanlış məlumatlar verməsi, bizi təcavüzkar kimi adlandırmaları ölkəmizin haqsız beynəlxalq sanksiyalara məruz qalmasına gətirib çıxarmışdır. Prezident cənab İlham Əliyev cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Formunun açılışı mərasimində etdiyi çıxışda bu məsələyə aydınlıq gətirmişdir. Əllidən çox ölkənin təmsil edən nümayəndələrin Qarabağımızın səfalı havasından, gözəl təbiətindən, musiqi beşiyi olan Şuşamızdan razı qalmaları, tədbirin möhtərəm dövlət başçısının himayəsi altında keçirilməsi, tədbir zamanı cənab Prezident İlham Əliyevin sualları cavablandırması bizlər üçün böyük bir şərəfdir.
İlk olaraq bu kimi forumların ənənəyə çevrildiyini qeyd edən Prezident İlham Əliyev daha sonra Cənubi Qafqaz regionun tarixi transformasiyasına şahidliyimizi, tarixi geosiyasi dəyişikliklərin baş verməsini, ənənəvi ittifaqların bir qədər zəiflədiyini və yeni əməkdaşlıq formatlarının meydana gəldiyini söyləyən cənab Prezident İlham Əliyev ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasının ən mühüm hadisə olduğunuda vurğuladı. Bu gün Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində əsrarəngiz təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağımız iqtisadiyyatımıza böyük dividendlər gətirəcək. Qarabağımızda gedən quruculuq, abadlıq işləri başa çatdıqdan sonra xalqımızın öz torpaqlarına qayıtmasından, torpaqların əkilib-becərilməsindən, azad olunmuş bütün kəndlərin, şəhərlərin bərpasından sonra sosial, iqtisadi, mədəni, elmi və s infrastruktur məşğulluğun yaradılmasından, eləcə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunduqdan sonra bu bölgə Azərbaycan üçün böyük rol oynayacaqdır.
Bu kimi nəhəng yenidenqurma işlərinin aparılması münaqişə və qarşıdurmaların aradan qalxmasının göstəricisidir. Bu bir tərəfdən də gözəl haldır ki, el-obalarından didərgin düşmüş xalqımız öz doğma evlərinə qayıdacaqlar. Biz Azərbaycan xalqı olaraq Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinə çox həvəslə yanaşmalıyıq. Prezident İlham Əliyev qeyd etdiyi kimi nikbinik, nikbin olmalıyıq. Çünki, uzun illər can atdığımız məqsədlər artıq reallığa çevrilib.
”Yıxılana balta vuran çox olar” demiş atalarımız. Məhz bu səbəbdən də müharibədən yeni çıxmış ölkə olaraq ermənipərəst media nümayəndələrinin bizə qarşı ikili standartlar tədbiq etməsi absurd bir vəziyyət idi. Möhtərəm Prezident qeyd etdiyi kimi humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdı.
Prezident İlham Əliyev son günlərin ən aktual mövzusu olan COP29 ilə bağlı olan sualı da cavabsız qoymadı. O, qeyd etdi ki, bizim namizədliyimizdən, ev sahibliyimizdən sonra Qərb mediasında bizə qarşı hücumlar başladı. Neft-qazla zəngin ölkə olmaq Allahın bizə bir lütfüdür. Lakin, ondan düzgün istifadə edərək, ölkəsini daim ön sıralarda tutmağı sadəcə cənab Prezident İlham Əliyev bacarardı.
Üç saatlıq tədbir zamanı Ukraniya və Fələstin ölkələrində baş verən münaqişələrə biganə qalmayan dövlət başçımız onların hər zaman tərəfində olduğunu da söylədi. Tərəfdaşlığa, dostluğa önəm verən cənab Prezident İlham Əliyev Türkiyə ilə olan qardaşlıq münasibətlərimizdən də danışdı.
Nə qədər ki, Azərbaycanda Heydər Əliyevin möhtəşəm siyasi kursu uğurla davam etdirilir, nə qədər ki, Prezident cənab İlham Əliyev Azərbaycanı yeni hədəflərə doğru aparır demək xalqımız və dövlətimiz daha böyük zəfərlərə imza atacaqdır.