Prezidenti nüfuzlu “Euronews” televiziyasına müsahibə verərək bir çox mühüm məqama aydınlıq gətirdi

Prezidenti nüfuzlu “Euronews” televiziyasına müsahibə verərək bir çox mühüm məqama aydınlıq gətirdi

Hacıbala Abdullayev 

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi

Hər zaman olduğu kimi, bu dəfə də Prezident ona ünvanlanan bütün suallara faktlara əsaslanaraq tutarlı və məntiqli cavablar verdi. Dövlətimizin başçısı son 20 ildə ölkəmizin qazandığı uğurlar barəsində məlumat verərək deyib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Bu müddət ərzində Azərbaycan neft və qaz sektorundan asılılığı azaltmağa nail olub və milyardlarla dollar xarici sərmayə ölkəyə cəlb edilib. Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. İqtisadi artımı təmin edəcək sahələrə investisiyalar qoyulur. Bunun nəticəsində də xarici borcun səviyyəsi hər il azalır. Azərbaycan xarici borcunu bir ay içində ödəyə bilər. 

Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və bu əməkdaşlığın real nəticələri artıq özünü büruzə verir. Ölkəmizin neft–qaz hasilatı və ixracı hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasət milli maraqlara əsaslanaraq yürüdülür. Hazırda dünyada mürəkkəb proseslər baş verir və bu da təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır.  Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.

Uğurlarımızın əsasında dayanan əsas amillərdən biri məhz dövlətimizin müstəqil siyasət yürütməsidir. Bu səbəbdən də ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir. Təsadüfi deyil ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Müsahibədə dövlət başçısı sülh üçün alternativin olmadığını deyərək, revanşistlərə və regionda “bulanıq suda balıq tutmağa” çalışanlara da sərt mesaj göndərdi. Prezident açıq şəkildə bildirdi ki, əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq: “Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoysun və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

İndi biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Hazırda genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Bu islahatların nəticəsi bu gün özünü açıq şəkildə büruzə verir. İşğaldan azad olunmuş ərazilərin inkişafı diqqət mərkəzində saxlanılır. Əsas dövlət xərcləri Qarabağa və Şərqi Zəngəzura yönəldiləcək. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və region, eyni zamanda digər çoxsaylı ölkələr bundan faydalanır. Son illərdə nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyulub. Azərbaycan infrastrukturunu tamamilə modernləşdirərək həm Qərbdən Şərqə, həm də Şimaldan Cənuba regionun tranzit mərkəzinə çevrilib.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanda hökm sürən siyasi sabitliyə də toxunub. Sirr deyil ki, ölkəmizdəki ictimai-siyasi sabitlik sosial-iqtisadi inkişafın, beynəlxalq aləmdə qazanılan uğurların əsasını təşkil edir. Prezident müsahibəsində Ermənistandan qovulan azərbaycanlılarla bağlı bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik.

Bütövlükdə, dövlətimizin başçısının müsahibəsi regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.