Prezident xarici mətbuatda Azərbaycan haqqında məlumatların bəzən həqiqəti əks etdirmədiyini bildirib

Prezident xarici mətbuatda Azərbaycan haqqında  məlumatların bəzən həqiqəti əks etdirmədiyini bildirib

Mehriban Həbibova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi

İyulun 20- də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və  sualları cavablandırıb. Forumda suallar verən jurnalistlər dünyanın 50-dən çox müxtəlif ölkələsini təmsil edirdilər, artıq ikinci dəfə idi ki, dünya jurnalistləri Qarabağda bir araya gəlmişdi, bu hadisə Azərbaycan üçün çox mühim əhəmiyyət kəsb edir.

Prezident öz çıxışının əvvəlində forumun ənənəvi hal almasına şad olduğunu bildirmiş, Cənubi Qafqazdakı geosiyasi dəyişikliyin, Azərbaycan xalqının öz süveren hüquqlarını, ərazi bütövlüyünü bərpa etməsinin regionda sülh və əmin-amanlığın bərqərar olmasını mühim əhəmiyyətindən danışmışdır. O, qeyd etdi ki, “Biz – bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma planı həyata keçiririk və sizin gördükləriniz bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir.”

Prezident xarici mətbuatda və kütləvi informasiya vasitələrində Azərbaycan haqqında verilən məlumatların bəzən həqiqəti əks etdirmədiyindən, faktların manipulyasiya olunmasından, bunda isə əsas rolun erməni mənşəli siyasətçi və media nümayəndələrinin əlində olmasından, əslində isə xalqımızın etnik təmizləmənin qurbanı olmasından və torpaqlarımızın 30 il ərzində düşmən tapdağı altında olmasından danışdı. Erməni lobbisinin təsiri ilə 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz sanksiyanın tətbiqi, Azərbaycan xalqının öz müstəqilliyinin bərpası və qorunması uğrunda əzmlə mübarizəsi , müharibədən sonra qonşu ölkələrlə iqtisadi və siyasi əməkdaşlıq da söhbətin əsas müzakirə mövzularından biri olmuşdur.

Prezident jurnalistlərdən birinin Dubayda keçirilən COP tədbirində iştirakı ilə bağlı tədbir haqqında sualını cavablandıraraq qeyd etdi ki, “ Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq, üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişik, 120 ölkənin iştirakı ilə yekdil şəkildə sədr seçilmişdik, sədrlik müddətimiz uzadıldı və biz bu dövr ərzində böyük uğur qazandıq. Eyni zamanda Azərbaycan yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvi ilə tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Biz İslam Əməkdaşlıq Təşkilatının və OPEC Plus formatının üzvüyük. “ 

Konfransın maraqlı sualları arasında biri də jurnalistin Qərbi  Azərbaycan əhalisinin öz doğma yurd yuvalarına nə vaxtsa səyahət edə biləcəklərinin, onların öz doğma insanlarının qəbirlərini ziyarət etmələrinin mümkün olub olmayacağı haqqında olmuşdur. Prezidentimiz isə cavabında bir gün bunun mütləq həyata keçəcəyini qeyd etmişdir. O, Burada əsas rolun Ermənistan siyasi rəhbərlərinin iradəsindən asılı olduğunu da vurğulamışdır. Azərbaycanın isə Qarabağ ermənilərinə qarşı daha konstruktiv mövqedə olması, onlara bu ərazidə yaşaması üçün bütün şəraitin yaradılmasından da danışılmışdır.

Digər suallara cavab verərkən Prezident ABŞ - Azərbaycan münasibətlərinin inkişafından, Ukraynadakı münaqişədə ziyan çəkən əhaliyə edilmiş maddi yardımlardan, müharibə dövründə Ermənistan liderlərinin qeyri konstruktiv mövqeyindən və Azərbaycan xalqına qarşı törədilmiş Xocalı faciəsindən , müharibə bitsə də erməni hərbçilərinin azad olunmuş əraziləri minalamasından və bunun nəticəsində yüzlərlə hərbçimizin, dinc sakinimizin həyatını itirməsindən söhbət açmışdır.

Konfransda Avropa ölkələrinə nəql olunan neft və qazın bu ölkələr üçün əhəmiyyətindən, “Əsrin müqaviləsinin” imzalanmasından da bəhs olundu, Pakistanlı jurnalistin verdiyi suala cavabında isə Prezidentimiz Pakistana etdiyi səfərdən məmnuniyyətindən və iki ölkə arasında dostluğun inkişafından bəhs etmişdir.

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada bu cür mötəbər konfransın keçirilməsi çox böyük  tarixi əhəmiyyət kəsb edir, 50 dən çox ölkəni təmsil edən jurnalistin verdiyi sualları cənab Prezidentin  aydın cavabları isə Azərbaycana qarşı istifadə olunan dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısının alınmasında böyük bir addım idi.