Səkinə Salmanova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 285 nömrəli məktəbin müəllimi
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı.
Ötən müddətdə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq. 8 Noyabr prospektində inşa olunan Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcək. Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edəcək. Giriş portalındakı tağın hündürlüyü 44, eni isə 22 metr olacaq.
Tağın üzərində Vətən müharibəsi qəhrəmanlarının adları həkk ediləcək. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaradacaq. Parka doğru keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə iki güclü əlaməti – Zəfər Gününü və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası, parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası nəzərdə tutulur. Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri və oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq. Azadlıq Bayrağı Meydanına gedən yol Vətən müharibəsinin rəmzi kimi 44 bürünc döşəmədən ibarət olacaq. Və nəhayət Zəfər parkının açılışı baş tutdu.
Prezident İlham Əliyev 8 noyabr 2024-cu ildə Zəfər parkının açılışında iştirak edərkən, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub. Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib.
Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Həqiqətən də, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycanın qəhrəman oğullarının əzmi, iradəsi və xalqın birliyi nəticəsində qələbəyə nai olduq.
Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır!