Prezident İlham Əliyevin çıxışlarında diqqətəlayiq məqam odur ki, o, mövcud beynəlxalq təşkilatların fəaliyyətində islahatların zəruriliyini önə çəkir

Prezident İlham Əliyevin çıxışlarında diqqətəlayiq məqam odur ki, o, mövcud beynəlxalq təşkilatların fəaliyyətində islahatların zəruriliyini önə çəkir
Pakizə Maqsudova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
Dünya hazırda öz tarixinin ən mürəkkəb və dəyişkən dövrlərindən birini yaşayır. Müxtəlif qitələrdə baş verən münaqişələr, iqtisadi böhranlar, enerji təhlükəsizliyi ilə bağlı problemlər və beynəlxalq təşkilatların nüfuzunun azalması yeni dünya nizamının formalaşmasını sürətləndirir. Məhz bu qlobal proseslər fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları və mövqeyi xüsusi maraq doğurur.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, yeni dünya düzəni ədalət və beynəlxalq hüquq prinsipləri əsasında qurulmalıdır. Onun fikrincə, bəzi güclü dövlətlərin öz maraqlarını beynəlxalq hüquqdan üstün tutması yeni münaqişələrə, siyasi qarşıdurmalara səbəb olur. Bu baxımdan Azərbaycan Prezidentinin fikirləri mühüm çağırış kimi səslənir:“Yeni dünya nizamı yaranır. Bu nizam mütləq beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.”
​Azərbaycan öz müstəqillik tarixi ərzində bu prinsiplərə sadiq qalaraq 30 ilə yaxın davam edən işğala son qoydu və beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi. Bu fakt yeni dünya nizamının qurulmasında güc və ədalətin uzlaşmasının mümkünlüyünü göstərən real nümunə oldu. ​Prezident İlham Əliyevin çıxışlarında diqqət çəkən əsas məqam Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roludur. Hazırda ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və beynəlxalq əməkdaşlıq sahəsində böyük nailiyyətlər qazanıb. Xüsusilə Avropanın enerji təchizatında Azərbaycanın rolu getdikcə daha da artır. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Bu isə ölkəmizin yeni dünya nizamında mühüm strateji oyunçuya çevrilməsinə şərait yaradır.
​Prezident İlham Əliyevin çıxışlarında diqqətəlayiq məqam odur ki, o, mövcud beynəlxalq təşkilatların fəaliyyətində islahatların zəruriliyini önə çəkir. Xüsusilə BMT Təhlükəsizlik Şurasının fəaliyyət mexanizminin yenilənməsi və daha ədalətli qərarların qəbul edilməsi zərurəti vurğulanır. İlham Əliyev hesab edir ki, bu gün dünyanın qarşılaşdığı problemlərin böyük bir hissəsi beynəlxalq təşkilatların passivliyi və təsirsizliyindən qaynaqlanır. Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda çıxışları müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın fəal rolunun göstəricisidir. Bu çıxışlar Azərbaycanın ədalətli mövqeyinin, sülh və sabitlik çağırışlarının və beynəlxalq hüququn üstünlüyünün təbliğatçısına çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
​Bir müəllim kimi hər zaman dövlətimizin tutduğu siyasi mövqeyi dəstəkləyir, ölkəmizdə sülhün daim bərqərar olmasını istəiyirik. Bunun üçün üzərimizə düşən bütün məsuliyyətin öhdəsindən layiqincə gəlməyə çalışırıq.
​Yeni dünya nizamında Azərbaycanın yeri getdikcə möhkəmlənir. Prezident İlham Əliyevin qlobal çağırışlara verdiyi cavablar isə həm dövlətimizin milli maraqlarını qoruyur, həm də beynəlxalq səviyyədə nüfuzunu artırır.