Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir

Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir

Hüseyn Abbaslı

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Azərbaycan Texniki Universitetinin tələbəsi

Aristotel deyir ki, gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin fundamentini məhv edər. Aristotelin deyimi isbat edir ki, hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Buna görə də sağlam düşüncəli gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Azərbaycan xalqı da gənclərə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevə borcludur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə olan xaos, böhran içərisində Heydər Əliyev gənclər siyasətinin təməlini qoyarkən elə zənn edirdilər ki, gənclər siyasətinin formalaşdırılması həmin illərdə atılacaq ən son addımlardandır. Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və həlli yolları da dəyişməyə başladı. Gənclər siyasətinin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da artırıldı.

1997-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycanda “Gənclər Günü” təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – “Beynəlxalq Gənclər Günü” elan edildi. Göründüyü kimi, Azərbaycan bu sahədə də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlamış oldu.

Gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirməkdədir. Onlar burada Azərbaycanın təhlükəsizliyi naminə qüvvələrini əsirgəmirlər. Aprel döyüşlərində, 44 günlük müharibədə düşmən qüvvələrinin qətiyyətli şəkildə məhv edilərək işğal altında olan ərazilərin azad olunması, Azərbaycan əsgərinin son damla qanına kimi vuruşaraq şəhidliyə yüksəlməsi bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik duyğuları yüksəkdir. Onlar istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdirlər. Onlar Şuşa zirvəsini fəth etdikləri kimi, Zəngəzur zirvəsini də fəth edəcəklər.

Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutur. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait sübut edir ki, prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir. Azərbaycan gəncliyi də müasir çağırışlara cavab verərək milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Bu gün mən də bir gəncəm. İstər tanıdığım gənclər arasında olarkən, istərsə də digər uğurlu gəncləri görəndə düşünürəm ki, bu gün mən də Azərbaycan gənci kimi vətənimin yükünü çiyinlərimə almalıyam. Bu məsuliyyətli işi layiqincə yerinə yetirməyim üçün keçmişimi və gələcəyimi mükəmməl öyrənməli, hansı sahədə olursa-olsun, Azərbaycanımı layiqli şəkildə tanıtdırmağa çalışmalıyam və çalışacağam.