Prezident İlham Əliyev dünya səviyyəli bir liderdir

Prezident İlham Əliyev  dünya səviyyəli bir liderdir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası

Suraxanı rayon təşkilatının sədri

Ölkəmiz elə bir geosiyasi əhəmiyyətə malik regionda yerləşir ki, bütün tarix boyu lider faktoru böyük rol oynamışdır. Xüsusi ilə də müstəqilliyimizi əldə etdikdən sonra dövlətin əsas sütunlarını bərpa etmək, insanların ilkin ehtiyaclarını təmin etmək, təhlükəsizliklə bağlı tədbirlər görmək böyük zərurət idi. Təəssüflər olsun ki, müstəqilliyin ilk illərində seçilmiş nə birinci, nə də ikinci prezidentlər bu tarixi missiyalarını yerinə yetirə bilməmişlər. Nəticədə dövlət idarəetmə sistemi milli maraqlardan uzaqlaşdırılmış və qonşuluqda düşmən mövqeyə malik Ermənistanın hücumları, xarici dövlətlərin təsiri ilə müstəqilliyimiz və mövcudluğunuz sual altına alınmışdır. Lakin müdrik xalqımızın uzaqgörən qərarı, israrlı təkidi, demokratik tələbi nəticəsində Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmış və Azərbaycanın bir dövlət kimi məhv olmasının qarşısı alınmışdır. İlk öncə insanların,  daha sonra isə dövlətin təhlükəsizliyi tam təmin olunmuşdur.

2003 – cü ildə Azərbaycan xalqının seçkilərdə dəstəyi ilə cənab İlham Əliyev Prezident seçiləndə ölkənin vəziyyəti Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi illərlə müqayisədə daha yaxşı idi. Lakin 2022 – ci ildəki inkişafımız və milli maraqlar uğrunda əldə etdiyimiz uğurları nəzərə alanda görürük ki, ötən 18 il ərzində ölkəmiz meqa tərəqqi yolu keçmişdir. Ulu Öndərin həyata keçirə bilmədiyi bir çox layihələr məhz cənab Prezident tərəfindən həyata keçirilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi, böyük gəlirlər əldə etməyə başladıq, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi, “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu və bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Kapitallarının böyük əksəriyyətini xarici investorlar hesabına təmin olunan bu meqa layihələr nəticəsində ölkənin iqtisadi vəziyyəti daha da yaxşılaşdı.

Cənab Prezidentin də vurğuladığı kimi ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Bu gün həyata keçirdiyimiz müstəqil daxili və xarici siyasətimizin bir əsas səbəbi milli maraqlara söykənən dövlət siyasətimizdirsə, digəri isə müstəqil iqtisadi gücümüzdür. Özünü və müttəfiqlərini qorumaqda aciz olan, dünyaya töhvələr verə bilməyən bir dövlət müstəqil siyasət də yürüdə bilməz. 2018 – ci ildə Prezident cənab İlham Əliyevin  xalq tərəfindən yenidən ehtimada layiq görülməsinin əsasında böyük fəaliyyət istiqaməti dayanır ki, onu da ən yaxşı statistik rəqəmlərlə ifadə etmək olar. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, valyuta ehtiyatları 26,6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artmışdır. 1958 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib.  İşsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Bununla yanaşı 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Bu məqamların hamısı əsas verir deyək ki, 2018 – ci ildə keçirilən Prezident seçkilərində cənab İlham Əliyevin yüksək səs çoxluğu ilə seçilməsi zamanın tələbi, xalqın isə arzusu olmuşdur.

11 aprel 2018 – ci ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri ilk öncə cənab Prezidentin özünə və onu dəstəkləyən xalqına olan etimadının göstəricisidir. Bu addımı eyni zamanda da yeni islahatlar mərhələsinin  anonsu hesab etmək olar. Hər bir ali keyfiyyətlərə məxsus liderin siyasi karyerasını müxtəlif mərhələlərə bölərək qiymətləndirmək olar. Cənab Prezidentin son Prezident seçkilərindən sonrakı fəaliyyəti sübut edir ki, o artıq milli və regional müstəvidə deyil, dünya səviyyəli bir liderdir. Bütün dünyanı öz cənginə alan pandemiya müddətində Prezidentin yalnız öz xalqının deyil, bütün dünya əhalisinin qayğısına qalması və yardımlar etməsi, təkliflər irəli sürməsi həm xalqımızın, həm də dövlətimizin nüfuzunu dünya dövlətləri arasıda əhəmiyyətli dərəcədə qaldırmışdır.

Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8 - ci seçkilərdə 8 namizəd demokratik prinsiplər əsasında yaradılmış şəraitdə mübarizə aparmışlar. Hakim Yeni Azərbaycan Partiyası sonuncu Prezident seçkilərində partiyanın Sədri cənab İlham Əliyevin namizədliyini irəli sürmüşdür. Onu da xüsusi qeyd etmək istərdim ki, cənab İlham Əliyevin seçki prosesinin təbliğat-təşviqat kampaniyasında iştirak etmək həm böyük qürur, həm də sonsuz məsuliyyətdir. Sözün bütün mənalarında cənab Prezidentin heç bir təbliğata ehtiyacı yoxdur. Mən hesab edirəm ki, cənab Prezientin fəaliyyəti dövründə həyata keçirdiyi layihələr, gördüyü işlər onun növbəti dəfə seçilməsi üçün möhkəm zəmin yaratmaqdadır.  Sonuncu prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74,3 % -nin iştirak etməsi insanların demokratik cəmiyyətdə dövlətin idarə edilməsində fəal iştirakının təzahürüdür. Cənab İlham Əliyevin Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanması isə onun Prezident kimi gördüyü işlərə öz xalqının verdiyi ali qiymətdir.

2018 – 2022 – ci illəri müqayisə etdiyimiz zaman qarşımıza çox fərqli mənzələr və inkişaf mərhələləri çıxmaqdadır. Son dörd il ərzində Azərbaycan öz inkişafının qızıl dövrünü yaşamaqdadır. Biz bütün sahələrin inkişafının məntiqi nəticəsi kimi öz torpaqlarımızı işğaldan azad edərək məğlub dövlətdən qalib dövlətə çevirilməyi bacarmışıq. İndi bayram tonqallarımız Şuşada, Suqovuşanda qalanır. İndi qalib və müzəffər xalq kimi başımız dik, alnımız isə açıqdır. Son iki ildə işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma və abadlıq işləri yüksələn xətlə davam etməkdədir. Biz bir manat da olsun kənardan maliyyə yardımı almadan öz ərazilərimizi özümüz bərpa edirik. Dövlət başçısının xüsusi qayğısı və nəzarəti ilə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dövlətin qüdrətinin təzahürüdür.

Heç şübhəsizdir ki, güclü dövlətin ən vacib atributu və simvolu onun qüdrətli ordusudur. Biz Vətən Müharibəsi dövründə düşmənə və bizə dost olmayan ölkələrə qüdrətimizi əyani nümayiş etdirmiş olduq. Ən müasir siyahlarla 5 – ci nəsil müharibə apara bildik və qalib gəldik. İndi isə həm canını vətən uğrunda qurban verənlərin əmanətlərinin və xatirələrinin qorunub saxlanması, həm də ordumuzun daha da güclənməsi ilə bağlı dayanıqlı və davamlı işlər görməkdəyik.

Cənab Prezidentin rəhbərliyi ilə regionda söz sahibinə çevirilən dövlətimizin daxili siyasətdə olduğu kimi, xarici siyasi arenalarda da ədalətli mövqeyini nümayiş etdirməkdədir. Ölkə başçısının beynəlxalq media orqanlarının nümayəndələrinə müxtəlif dünya dillərində müsahibələr verməsi də Azərbaycan xalqının dünya tərəfindən daha yaxşı başa düşülməsinə xidmət etmişdir. Tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə böyük inandırıcılıq qabiliyyəti ilə çatdırılması və dünyanın marağının regionda baş verən hadisələrə cəlb olunması cənab Prezidentin Vətən Müharibəsi ərəfəsində öz xalqı qarşısında müstəsna xidmətidir.

Mən əminəm ki, qarşıdakı illər ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz daha da inkişaf edəcək və xalqımız böyük uğurlara imza atacaqdır.