Prezident İlham Əliyevin müsahibəsi: Azərbaycan və Özbəkistanı birləşdirən tarixi, mədəni və mənəvi bağlar
Vüsalə Qurbanova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi
Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Özbəkistanı birləşdirən tarixi, mədəni və mənəvi bağların iki ölkə arasında münasibətlərin mühüm dayaqlarından biri olduğunu qeyd edib. Dövlət başçısı ortaq türk irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının Azərbaycan və Özbəkistan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Prezident bildirib ki, Azərbaycan və Özbəkistanın bu istiqamətdə həyata keçirdiyi layihə və təşəbbüslər yalnız iki ölkənin milli-mədəni irsinin təbliğinə deyil, bütövlükdə Türk dünyasının ortaq dəyərlərinin yaşadılmasına xidmət edir. Onun sözlərinə görə, tarix boyu formalaşmış ümumi mədəni köklərin qorunması xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm zəmin yaradır.
Dövlət başçısı müsahibəsində Azərbaycanın və Özbəkistanın digər türk dövlətləri ilə əməkdaşlığının da ardıcıl şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Bu baxımdan Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsini mühüm hadisə kimi qiymətləndirmək olar.
Prezident qeyd edib ki, Özbəkistan kimi zəngin tarixi-mədəni irsə malik ölkənin Fondun fəaliyyətinə qoşulması ortaq irsin araşdırılması, qorunması və beynəlxalq səviyyədə təbliği üçün yeni imkanlar açır.Bu üzvlük həm də Türk dünyasının mədəni əməkdaşlığının coğrafi və institusional baxımdan genişləndiyini göstərən mühüm addımdır.
Özbəkistanın qədim dövlətçilik ənənələri, zəngin ədəbiyyatı, incəsənəti və maddi-mədəni irsi Türk dünyasının ümumi mədəni xəzinəsinin mühüm hissəsini təşkil edir. Bu irsin Azərbaycanla birgə layihələr vasitəsilə təbliği qarşılıqlı mədəni əlaqələrin daha da dərinləşməsinə imkan verir.Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətinə də toxunaraq, Azərbaycan və Özbəkistanın bu platformada fəal iştirak etdiyini bildirib.
Dövlət başçısının fikirlərindən göründüyü kimi, TDT və digər türk təşkilatları çərçivəsində əməkdaşlıq təkcə siyasi və iqtisadi əlaqələrin inkişafına deyil, həm də Türk dünyasının ortaq mədəni və mənəvi dəyərlər ətrafında daha sıx birləşməsinə xidmət edir.
Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri ortaq tarix və mədəniyyət üzərində qurulan strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu əlaqələrin mədəni-humanitar istiqamətdə daha da genişləndirilməsi Türk dünyasının vahid mədəni məkan kimi formalaşmasına və beynəlxalq səviyyədə ortaq mövqeyinin güclənməsinə mühüm töhfə verir.
Nəticə etibarilə, Azərbaycan və Özbəkistanın ortaq türk irsinin qorunması və təbliği istiqamətində həyata keçirdikləri tədbirlər iki xalqın tarixi-mədəni bağlarının daha da möhkəmlənməsinə şərait yaradır. Bu əməkdaşlıq ortaq mənəvi dəyərlərin yaşadılması, zəngin irsin gələcək nəsillərə ötürülməsi və Türk dünyasında mədəni həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.