Prezident İlham Əliyevin "Euronews"a müsahibəsi: Milli maraqlara əsaslanan prinsipial siyasət

Prezident İlham Əliyevin "Euronews"a müsahibəsi: Milli maraqlara əsaslanan prinsipial siyasət

Kunzala Həmidova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin direktor müavini

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Euronews" beynəlxalq televiziya kanalına verdiyi müsahibə ölkəmizin qlobal siyasi proseslərə münasibətini və beynəlxalq müstəvidə tutduğu mövqeyi əks etdirən mühüm siyasi hadisədir.Dövlət başçısı müsahibədə beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlara diqqət çəkmiş , beynəlxalq hüquq normalarının bir sıra hallarda selektiv şəkildə tətbiq olunduğunu vurğulamışdır.

Prezident İlham Əliyev bildirmişdir ki, beynəlxalq hüququn universal prinsiplərinin pozulması qlobal miqyasda etimad mühitinə ciddi zərbə vurur və beynəlxalq nizamın sarsılmasına gətirib çıxarır.Azərbaycan isə bütün hallarda beynəlxalq hüquqa , ədalət və suverenlik prinsiplərinə əsaslanan siyasət yürütməyə davam edir.

Müsahibədə Azərbaycanın enerji siyasəti və regional əhəmiyyəti xüsusi yer tutmuşdur.Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunda enerji ehtiyatlarına malik olan və bu ehtiyatları beynəlxalq bazarlara ixrac edən yeganə dövlətdir.Ölkəmizin etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev, həmçinin Avropa Parlamentinin Azərbaycana qarşı səsləndirdiyi davamlı və qərəzli tənqidlərə toxunaraq vurğulamışdır ki , Azərbaycan artıq bu cür əsassız yanaşmalara reaksiya vermir və öz müstəqil siyasətini milli maraqlara uyğun şəkildə ardıcıl surətdə davam etdirir.

Prezidentimizin "Euronews" televiziyasına verdiyi müsahibə Azərbaycanın müstəqil xarici siyasət kursuna sadiqliyini , regional və qlobal proseslərdə prinsipial mövqeyini bir daha nümayiş etdirir.