Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında mühüm mesajları
Gülnarə Vəliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi dərnək rəhbəri
Azərbaycanın Avropa Siyasi Birliyi platformasında fəal iştirakı xüsusi diqqət çəkir. Sözügedən platforma Avropa qitəsində siyasi dialoqun genişləndirilməsi, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və sabitlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkənin yalnız regional deyil, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir.
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək mühüm mesajlar verib. Dövlət başçısı bildirib ki, Ermənistan 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəkləyib. Bu fakt təkcə diplomatik razılaşma deyil, həm də regionda formalaşan yeni siyasi mühitin və qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilir. Təklifin qəbul edilməsi isə Azərbaycanın regionda artan rolunun və beynəlxalq nüfuzunun bariz göstəricisi kimi dəyərləndirilir.
Uzun illər davam edən qarşıdurmadan sonra belə bir qərarın əldə olunması region üçün yeni mərhələnin başlandığını deməyə əsas verir. Ermənistanın Azərbaycanın namizədliyini dəstəkləməsi son dövrlərdə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımların praktik nəticəsi kimi qiymətləndirilə bilər. Bu, həm də tərəflər arasında sülh gündəliyinin real əsaslar üzərində qurulduğunu nümayiş etdirir.
Prezident vurğulayıb ki, bu qərar təsadüfi deyil. Onun sözlərinə görə, bir müddət əvvəl Avropa liderləri ilə keçirilən görüşlər zamanı Zirvə toplantılarının coğrafiyasının balanslı şəkildə müəyyənləşdirilməsi məsələsi müzakirə olunub. Məhz bu yanaşma çərçivəsində həm Ermənistanda keçiriləcək toplantıya dəstək verilib, həm də növbəti mərhələdə Azərbaycanın ev sahibi olması təklif olunub.
2028-ci ildə keçiriləcək Zirvə görüşü Azərbaycanın diplomatik imkanlarını daha da genişləndirəcək. Bu tədbir çərçivəsində ölkə yalnız təşkilatçı kimi deyil, həm də regional əməkdaşlıq təşəbbüslərinin irəli sürücüsü kimi çıxış edə bilər. Xüsusilə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya kimi məsələlərdə Azərbaycanın rolu daha da ön plana çıxa bilər.
Beləliklə, 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi təkcə diplomatik uğur deyil, həm də ölkənin artan beynəlxalq çəkisinin, regional liderlik ambisiyalarının və sülh təşəbbüslərinin məntiqi nəticəsi kimi qiymətləndirilir.