Prezident cənab İlham Əliyevin Laçında qətiyyətli çıxışı xalqımız üçün ən böyük bayram töhvəsi oldu

Prezident cənab İlham Əliyevin Laçında qətiyyətli çıxışı  xalqımız üçün ən böyük bayram töhvəsi oldu
Leyli Rüstəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor əvəzi

Bəşəriyyətin siyasi tarixi nəhəng şəxsiyyətlərin öz xalqına bəxş etdiyi qəhrəmanlıqların və qələbələrin  salnaməsidir. Xalqın yetişdirdiyi ən böyük sərvət hesab edilən liderlər nəticə etibarilə təmsil etdiyi toplumun şərəf tarixinin müəllifi olurlar. Azərbaycan  xalqını öz seçimində yanılmadığını təsdiqləyən cənab Prezident İlham Əliyev qətiyyətli iradəsi, cəsarəti və məqsədyönlü siyasəti ilə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu illər ərzində ölkəmizin keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi. Güclü ordumuz və Azərbaycan xalqının birliyi, əzmi, həmrəyliyi sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. 

28 May Müstəqillik Günüdür. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm laçınlıları, həm də bütün Azərbaycan xalqını təbrik edən cənab Prezident laçınlılarla görüşdə vurğulayıb ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.

Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır.

Prezident İlham Əliyev: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda yaradılmaqda olan bütün şəhər və kəndlərimiz təxminən bax bu səviyyədədir. Dünən Kəlbəcər və Laçın rayonlarında yeni yaradılan və yaxın gələcəkdə istifadəyə veriləcək kəndlərin təməlqoyma mərasimlərində iştirak etmişəm. Yəni, azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, biz - o torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik.”

Cənab Prezident eyni zamanda bildirib: “Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi,- ilk növbədə, sizin üçün, çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz,- eyni zamanda, gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq.”

Prezident cənab İlham Əliyevin Laçında cəsarətli çıxışı  xalqımız üçün ən böyük bayram töhvəsi oldu. Hər  çıxışında işıqlı sabaha, xoş gələcəyə böyük inam vəd edən müzəffər sərkərdə ilə Azərbaycan  hər daim qalib ölkə, Azərbaycan xalqı isə məğrur xalq olacaqdır!