Birlik, Ədalət və İslam Həmrəyliyi: Prezident İlham Əliyevin Dini Qurumların Təmsilçiləri ilə Görüşü

Birlik, Ədalət və İslam Həmrəyliyi: Prezident İlham Əliyevin Dini Qurumların Təmsilçiləri ilə Görüşü

Aysel Mustafayeva 

YAP Suraxanı rayon təşkilatının üzvü

Xarici dillər təmayüllü gimnaziyanın müəllimi

​Bakı şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Bu mühüm tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini, müşahidəçilərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir. Görüşdə qaldırılan məsələlər və ölkə başçısının çıxışı həm region, həm də İslam dünyası üçün strateji əhəmiyyət kəsb edən bir sıra mühüm mesajlarla zəngin olmuşdur.

​Prezident cənab  İlham Əliyev vurğulamışdır ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir. Dünya 30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yumsa da, Azərbaycan xalqı bu ədalətsizliyə son qoyaraq dünyada böyük bir presedent yaratmışdır. Müharibə dövründə Azərbaycan Ermənistandan fərqli olaraq, heç vaxt əliyalın, mülki şəxslərə qarşı müharibə aparmamış, hər zaman beynəlxalq humanitar hüquq normalarına sadiq qalmışdır.

​Bu gün artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıtmışdır. Bölgədə aparılan sürətli bərpa-quruculuq işlərinə toxunan ölkə rəhbəri xüsusilə qeyd etmişdir ki, ilk bərpa işləri məhz məscidlərdən başlanılmışdır və bu müqəddəs proses hazırda da davam etdirilir.

​Azərbaycanın müharibədən sonra sülh gündəliyini seçməsi müdrik addım kimi qiymətləndirilir. Bu gün müharibə dayanmışdır, sülh bərqərar olmuşdur və bu seçimin nə qədər düzgün olduğu bütün dünyaya aydındır. Türk dünyasını və Qafqaz bölgəsini sülh şəraitində saxlamaq, sabitliyi qorumaq üçün hər bir tərəf böyük səylər göstərməlidir. Birlik və həmrəylik hər bir dövləti və xalqı daha da gücləndirir.

​ Azərbaycan hər zaman İslam həmrəyliyini yalnız sözdə deyil, əməli-praktiki addımlarla və öz işi ilə gücləndirməyə çalışmışdır. Bu istiqamətdə növbəti böyük addım olaraq, gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcəkdir.

​Eyni zamanda, dövlət başçısı müasir dünyada İslam dünyasına və dinimizə qarşı elan olunmamış müharibənin getdiyini, islamofobiyanın isə bu mənfi prosesin yalnız bir hissəsi olduğunu bildirmişdir. Beynəlxalq qurumların ikili standartlarına toxunan Prezident İlham Əliyev Avropa Parlamentini “rüşvətxorlar yuvası” kimi xarakterizə etmişdir.

​Bakıda keçirilən tədbirlər və qəbul zamanı səsləndirilən fikir və mesajlar bir daha sübut edir ki, Azərbaycan regionda təhlükəsizliyin, sülhün və ədalətin bərqərar olunmasında, eləcə də Türk və İslam dünyasının birliyinin möhkəmlənməsində aparıcı rol oynayır.

Paylaş