Praqa görüşünün nəticələri Azərbaycanın öz məqsədlərinə doğru inamla addımladığını göstərir
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şərhçi
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Praqada Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənsitanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş iki hissədən ibarət olmaqla beş saatdan artıq davam etdi. Bu görüşdə əldə olunan ən böyük nailiyyət ondan ibarət oldu ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb.
BMT-nin nizamnaməsinə uyğun olaraq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, əldə olunan çox müsbət haldır. Cənab Prezident Azərbaycan jurnalistlərinə verdiyi müsahibədə bildirdi ki, sülh müqaviləsinin bağlanması üçün xarici işlər nazirlərinin bir görüşü keçirilib və bu günlərdə bir görüş də keçiriləcək, sülh müqaviləsinin mətni hazırlanacaq.
Prezident cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində Azərbaycan artıq Avropada və bütün dünyada güclü bir dövlət və etibarlı enerji tərəfdaşı kimi tanınır, dəstəklənir. Azərbaycan bu illər ərzində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan ərazisidir. İndiyə qədər Avropa və Amerika bunu bilsələr də, dilə gətirmirdilər. Lakin aparılan məqsədyönlü siyasət nəticəsində Avropa, Amerika, dünya birliyi Qarabağın Azərbaycan olmasını təsdiqləyir və bunu Azərbaycanın apardığı siyasətin ən böyük nəticəsi kimi dəyərləndirirəm.
Azərbaycan Prezidentinin bildirdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edəcəklər və Azərbaycan vətəndaşı vəzifələrini yerinə yetirəcəklər. Bu gün kasıb, ağır durumda olan Ermənistanın vətəndaşı olmaq hara, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaq hara? Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını daşımaqla onların həyat səviyyəsi qat-qat yüksələcək.
Eyni zamanda, digər ölkələrin, eləcə də Ermənistanın bu məsələyə qarışmaq cəhdinin qarşısını alan cənab Prezident çox haqlı olaraq bildirdi ki, “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən, Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir”.
Azərbaycanda bütün xalqlara böyük diqqət göstərilir, onlar Azərbaycan vətəndaşları olaraq bütün hüquqlardan istifadə edirlər. Qarabağ erməniləri də Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edəcəklər”, - deyə politoloq əlavə edib.
Praqa görüşünün nəticələri onu deməyə əsas verir ki, Azərbaycan öz məqsədlərinə doğru inamla addımlayır. Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsi artıq demək olar ki, hazırlanır. Avropa, Rusiya, ABŞ da bunu dəstəkləyir. Cənab Prezident irəli sürdüyü prinsiplərin yerinə yetirilməsi üçün qətiyyətli mövqe ortaya qoyur və nəticələr əldə edir. Güman edirəm ki, münasibətlər bu templə davam etsə, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.