Orta Dəhlizin inkişafı zamanın hökmüdür
İxtiyar Nəcəfov
Qaraçuxur Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
ADA Universitetində noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfransda da bu beynəlxalq nəqliyyat infrastrukturu barədə ətraflı danışılıb. Prezident İlham Əliyev tədbirdəki çıxışında Orta Dəhliz kimi irimiqyaslı layihənin icrasının təhlükəsizlik, iqtisadi bacarıq və geosiyasət amillər sayəsində gerçəkləşdiyini, bu cür önəmli təşəbbüsə qoşulan hər bir ölkənin də bu missiyaya sadiq qaldığını diqqətə çatdırıb.
Respublikamız Mərkəzi Asiya ilə Avropanın kəsişməsində yerləşdiyi üçün buradan keçən həmin nəqliyyat və kommunikasiya dəhlizləri bir çox dövlətlər üçün yüklərin tranziti üçün geniş imkanlar yaradır. Bu sırada Orta Dəhliz adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu təkcə Azərbaycana deyil, bütün dünyaya böyük perspektivlər açır, yüklərin daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn bu dəhlizin əhəmiyyəti getdikcə artır. Xüsusilə də hazırda Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların tədarükündə müəyyən problemlərin yaşanması adıçəkilən nəqliyyat marşrutuna marağı gücləndirir. Bununla da dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün böyük əhəmiyyət daşıyır. Bir sözlə, hazırda Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunur. Bu nəqliyyat marşrutu həm də okeana çıxışı olmayan Azərbaycan, Türkmənistan, Özbəkistan və Əfqanıstanın qlobal bazarlarla əlaqə qurması baxımından mühüm önəm daşıyır.
Yeri gəlmişkən, Orta Dəhliz Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Hesablamalara görə, bu marşrutla hərəkət edən blok qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır. Bu isə Orta Dəhlizin– Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas üstünlüklərindən biridir.
Qeyd edək ki, cari il iyun ayının 27-də Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər, həmçinin nəqliyyat sahələri üzrə məsul nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşünün davamı olaraq təşkil edilən konfransda müzakirələr zamanı Orta Dəhlizin inkişaf etdirilməsi, bu istiqamətdə yük daşımalarının diqqət mərkəzində saxlanılması xüsusi vurğulanıb. Eyni zamanda həmin tədbirdə adıçəkilən nəqliyyat infrastrukturunun yüksək səviyyədə qardaşlıq və tərəfdaşlıq münasibətlərinə malik ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün vacib platforma olduğu qeyd edilib. Üçtərəfli görüşün yekununda isə Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta Dəhlizin inkişafı, həmçinin istismarına dair “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb.
Orta Dəhlizin inkişafı ilə bağlı bir məqama da toxunaq. Belə ki, cari il oktyabrın 13-də Astanada Prezident İlham Əliyevin Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Toqayev ilə görüşündə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyətinə toxunulub. Prezident Qasım-Jomart Toqayev çıxışında bu infrastrukturdan yararlanmağı qarşılarına mühüm vəzifə kimi qoyan ölkələrin, o cümlədən Qazaxıstanın Orta Dəhlizin inkişafında maraqlı olduqlarını, dəstək verdiklərini söyləyib. “Bizim tərəfimizdən, əlbəttə ki, hər hansı bir problem olmayacaq, əksinə, biz də bunda maraqlıyıq. Mən açıq çıxışlarımda Orta Dəhliz adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu barədə həmişə danışmışam”, – deyə qardaş ölkə lideri bildirib.
Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə sözügedən ölkələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığının gücləndirilməsi regional səviyyədə risklərin və çağırışların qarşısının alınması, yaxud azaldılması baxımından mühüm önəm daşıyır.
Təbii ki, dövlətimizin başçısı İlham Əliyev də hər zaman olduğu kimi, bu görüşdəki çıxışında da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun önəmini diqqətə çatdırıb. Azərbaycan Prezidenti Orta Dəhlizin inkişafı ilə bağlı məsələnin zamanın hökmü olduğunu, həm Qazaxıstan, həm də Azərbaycanın bu layihəyə xüsusi diqqət yetirdiyini, hər iki ölkədə sözügedən dəhlizin inkişafını şərtləndirən müasir nəqliyyat infrastrukturu qurulduğunu, bunun nəticəsində isə çox böyük həcmdə yüklərin daşınmasına şərait yaradıldığını vurğulayıb.
Ölkəmizin rəhbəri daha sonra layihə ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb: “Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu bizim ölkələrin və xalqların marağında, uzunmüddətli maraqlarda, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq. Yəni, bu mövzunun çox ciddi davamı olacaq”.