Natiq Həsənov
Suraxanı Rayonu,Bülbülə bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri də dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir neçə il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir.
Bildiyimiz kimi, Milli Məclisdə siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb. Artıq parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə qanun layihəsinin ictimai dinləməsi keçirilib. 2022-ci ilin noyabrın 29-da Milli Məclisdə müzakirəyə çıxarılan 6 fəsil və 30 maddədən ibarət qanun layihəsi birinci oxunuşda qəbul edilib. Dünən ikinci oxunuş üçün müzakirəyə təqdim edilən layihə Milli Məclisdə yenidən səs çoxluğu ilə qəbul olunub.
Qeyd edək ki, layihənin ilkin variantı ilə bağlı keçirilən ictimai müzakirələrdən sonra layihədə bir sıra dəyişikliklər edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti, təbliğat və təşviqat prosesini genişləndirmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib.
Qeyd edilməlidir ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.
Mühüm məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Qəbul edilmiş yeni qanun qanunvericilik sisteminə, siyasi təsisatlara yeni baxış və adekvat mənzərədir. Bütün sahələrdə olduğu kimi bu sahədə də görülən işlər tezliklə öz bəhrəsini verəcəkdir. Yeni qanun layihəsi Azərbaycanda siyasi münasibətlər sisteminə əvəzsiz təkan verəcək. Yeni qanun dövlətin siyasi partiyaların inkişafına və siyasi mədəniyyətin inkişafına mühüm töfhə verəcək.