Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir

Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir

Cəlil Əliyev

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 101 nömrəli  tam orta  ümumtəhsil  məktəbi  publik  hüquqi Şəxsin  hərbi  hazırlıq  müəllimi

Ulu Öndər deyirdi: "Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır". Bu kəlamlar Azərbaycanda ordu quruculuğunun dinamik inkişafında etibarlı zəmanət oldu.


Heydər Əliyev ordu quruculuğunun elmi əsaslarla aparılmasını tövsiyə və tələb edirdi. Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən yerli müdafiə taborları buraxıldı, qısa müdətdə orduda vahid komandanlıq yaradıldı. Bu, ordu quruculuğunun yeni mərhələsi oldu. Bundan başqa, orduda ciddi kadr siyasəti həyata keçirildi. Bu tədbir həm ordunun daha da möhkəmlənməsində, həm də gərəkli ictimai rəy yaranmasında olduqca əhəmiyyətli oldu.


Ulu Öndərin "Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir" fikrini məntiqi baxımdan "Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var" fikri tamamlayır. Xalq da, Azərbaycanı sevən xarici dövlətlər də bu fikirləri Azərbaycanın gücünün, qüdrətinin daha da artacağına böyük inam bilir.


Ümummilli lider ordu quruculuğunu dövlət üçün həmişə prioritet bilirdi. Ona görə də hakimiyyətə qayıtdıqdan az sonra ön xətdə yerləşən hərbi hissələrdə, düşmənlə təmas xəttində, səngərlərdə əsgər və zabitlərlə görüşüb gərəkli tövsiyələr verdi, xidmətdə fərqlənənləri səngərlərdə mükafatlandırdı. Bunlar ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını yüksəltdi. Bu yüksəliş cəmiyyətdə orduya inamı da artırdı, sevgini də.

Bu yüksəliş Ulu Öndər Heydər Əliyevin bir kəlamıyla tamamlandı: "Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir."


Böyük tarixi şəxsiyyət Heydər Əliyevin sərkərdəliyi ilə 1993-cü ilin dekabrından 1994-cü il yanvarın 6-na kimi davam edən Horadiz əməliyyatında 20 kənd düşməndən azad edildi.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu bütün istiqamətlər üzrə uğurla davam etdirdi. Azərbaycanda ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Orduda böyük islahatlar keçirildi, ordunun silahlanmasına ən müasir silahlar daxil edildi. Bunların nəticəsi kimi Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı…

Böyük qürur hissi ilə deyilməlidir, deyilir ki, Azərbaycanda ordu quruculuğu Heydər Əliyevin adı ilə bağlı olub. Ordumuzu nizami ordu kimi ulu öndər Heydər Əliyev formalaşdırıb. Ümumiyyətlə, qazanılan hərbi nailiyyətlərin əsasında ötən illər ərzində ordu quruculuğu sahəsində görülən işlər dayanır. Məlumdur ki, müstəqil Azərbaycanda peşəkar ordu quruculuğunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.  Bu gün isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır.

Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.

Dünya Azərbaycan Ordusunun gücünü hələ 2016-cı ilin aprel ayında görmüşdü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin bir hissəsini azad etdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı. Ermənistan hərbi qüvvələrinin təxribatının qarşısının alınması üçün həyata keçirilən əks-hücum zamanı pilotsuz uçuş aparatları, müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə güclü zərbələr vuruldu. Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi.

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi “Günnüt” əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi. Eləcə də, tariximizə “Tovuz döyüşləri” kimi daxil olan hadisə isə qələbəmizə aparan yolun başlanğıcı oldu. 2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, 30 illik erməni işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında  misilsiz qəhrəmanlığı ilə qazanıldı.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı “Azadlıq” meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək.

2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. Zəfər bayrağı “Azadlıq” meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi.

Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra da ordunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilməkdədir. Xüsusilə, Ermənistanla dövlət sərhədində yeni hərbi hissələr yaradılıb, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur. Bu müddət ərzində erməni tərəfinin təxribatlarının qarşısı qətiyyətlə alınıb. 12-14 sentyabrda baş verənlər bunu bir daha təsdiqləyir. Ermənistan tərəfi unutmamalıdır ki, dəmir yumruq həmişə onların başının üzərindədir!