Ötən illər ərzində Azərbaycan ilə Gürcüstan bir sıra uğurlara imza atıblar

Ötən illər ərzində Azərbaycan ilə Gürcüstan bir sıra uğurlara imza atıblar
Natiq Həsənov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu Bülbülə bələdiyyəsinin sədri

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri İki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafından xəbər verir. Gürcüstanın Baş nazirinin dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Bu, Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 

Gürcüstanla Azərbaycanı  Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

Bu gün regionda yaranmış yeni reallıqlar və dünyada gedən mürəkkəb proseslər iki ölkəni bir-birinə yaxınlaşdıran yeni şərtlər formalaşdırıb: “Azərbaycan Prezidenti də öz çıxışında vurğuladı ki, 2027-ci ildə ölkəmiz Avropaya qaz ixracatını 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bununla əlaqədar, Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixracın artması, Bakı-Supsa neft kəmərindən istifadə etmək planları mövcuddur. Azərbaycan elektrik enerjisinin ixracı prosesində Gürcüstanla əməkdaşlıq etmək niyyətini də bəyan edib. Bütün bunlar göstərir ki, iki ölkənin iqtisadi əlaqələrini daha da möhkəmləndirməsi üçün yeni imkanlar yaranıb. Çünki dünyada, xüsusilə Avropada enerji təhlükəsizliyi məsələsinin ön plana çıxması Azərbaycanla Gürcüstanı öz milli maraqlarına uyğun olaraq daha da yaxınlaşmağa, daha sıx əməkdaşlığa sövq edən amillərdən biridir”.

Belə ki, bu gün Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi, Gəncə şəhəri ilə Kutaisi və Rustavi, Sumqayıt ilə Rustavi, Şəki ilə Telavi və hazırda hər iki ölkənin işğal altında olan Xankəndi ilə Suxumi şəhərləri arasında qardaşlaşma haqqında memorandumlar imzalanıb. Bu şəhərlərin rəhbərləri və ictimaiyyət nümayəndələri arasında görüşlər keçirilir, qarşılıqlı maraq doğuran məsələlər ətraflı müzakirə olunur, birgə layihələr reallaşdırılır.

Ötən illər ərzində Azərbaycan ilə Gürcüstan bir sıra uğurlara imza atıblar. Dövlətlərimizin başçılarının qətiyyəti və uzaqgörənliyi nəticəsində regionda irimiqyaslı enerji və nəqliyyat layihələri reallaşdırılıb. Bu işlər bu gün də davam edir. Qürur hissi ilə deyə bilərik ki, bu uğurlarımız təkcə Azərbaycan və gürcü xalqlarının deyil, dünya xalqlarının sosial rifah halının yaxşılaşmasına, dövlətlərinin sabitliyinə, təhlükəsizliyinə xidmət edir. Bu, həm də bizim dostluğumuzun, qardaşlığmızın nümunəsidir. Bu nümunə digər xalqlar üçün də bir örnəkdir.

“Azərbaycan və Gürcüstanın təhlükəsizlik sahəsində maraqları da üst-üstə düşür. Hər iki ölkə beynəlxalq platformalarda daim bir-birinə dəstək verib, ərazi bütövlüyü məsələsində eyni mövqedən çıxış edib. Gürcüstan Azərbaycanın Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan edib. Yəni Azərbaycan və Gürcüstanı yaxınlaşdıran yalnız iqtisadi maraqlar, tarixi və siyasi amillər deyil, həm də təhlükəsizlik maraqlarıdır”.