Ölkə başçısının yürütdüyü müstəqil daxili və xarici siyasət yeni – yeni uğurlara təkan verir

Ölkə başçısının yürütdüyü müstəqil daxili və xarici siyasət yeni – yeni uğurlara təkan verir
Eldar Mirzəliyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələləri Daimi Komissiyasının sədri
Müharibələrin, pandemiyanın qlobal problemlər yaşatdığı bir dövrdə Azərbaycanın uğurla inkişaf etməsi, cənab Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə də vurğuladığı kimi bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələrin icra edilməsi deməkdir. Dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasətin nəticəsindir ki, Azərbaycan bu gün bütün ölkələrlə, güc mərkəzləri ilə qarşılıqlı inam, hörmət əsasında səmərəli, işgüzar münasibətlər qurur. Bu inamın, hörmətin nəticəsi olaraq Azərbaycan bir çox mötəbər təşkilatlara sədrlik, beynəlxalq tədbirlərə ev sahibliyi edir və həmçinin beynəlxalq təşkilatlarla yeni əməkdaşlıqlara başlamışdır. İyul ayının 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu ölkəmizin dünya ölkələri arasında artan nüfuzuna dəlalət edir.
Cənab İlham Əliyevin apardığı uğurlu daxili siyasətin nəticəsində ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər iqtisadi müstəqilliyi təmin edir. Bu isə xarici siyasət sahəsində də siyasi müstəqilliyin qorunmasına xidmət edir, həmçinin yeni - yeni uğurlara təkan verir. Ölkə başçısının yürütdüyü uğurlu siyasət Azərbaycan ətrafında təhlükəsizlik zolağını da gücləndirir.
Bütün dünya ölkələri ilə olduğu kimi regionda qonşu ölkələrlə əlaqələrin inkişafı da Azərbaycanın hər zaman əsas prioritetlərdən biri olub. Azərbaycan 44 günlük Vətən müharibəsindən əvvəl və sonra da hər zaman sülh tərəfdarı olub. Lakin Ermənistan tərəfi Azərbaycanla əlaqələrinin normallaşdırılmasına maneçilik törədib. 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamənin faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olmasına və müharibədə məğlub edilmiş tərəf kimi öz üzərinə öhdəliklər götürməsinə baxmayaraq bu Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır.
Azərbaycan sərhədlərin delimitasiyasının gecikməsi, tərəflər arasında sülh müqaviləsinin imzalanmaması, bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində hər hansı bir işə başlanılmaması, Ermənistan ordusunun qalıqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərindən çıxarılmaması ermənilərin hələ də məğlubiyyətlə barışmadığını göstərir. Lakin münaqişə artıq başa çatıb, ortada nəticələr var və Ermənistanın bu reallıqlarla barışmağı mütləqdir.
Buna baxmayaraq artıq işğaldan azad etdiyimiz Qarabağ və Şərgi Zəngəzurda yenidən şəhərlər və kəndləri qurur, binalar və evlər tikirik. Artıq “Böyük Qayıdış” da başlayıb. Zəngilanın Ağalı kəndinin sakinləri artıq öz doğma yurdlarına qayıdırlar. Təbii ki, azad edilmiş ərazilərin bərpası hər bir vətəndaşın böyük qürur hissi ilə izlədiyi prosesdir.
Bu günləri bizə yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Rəşadətli Ordumuza və Vətənin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə minnətdarıq !