Nəqliyyat sektorunda strateji yüksəliş: Çin amili və Zəngəzur dəhlizi fonunda Azərbaycanın rolu

Nəqliyyat sektorunda strateji yüksəliş: Çin amili və Zəngəzur dəhlizi fonunda Azərbaycanın rolu

Emil Yusifov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə nəqliyyat sektoruna dair səsləndirdiyi “Nəqliyyat sektorunda fəal əməkdaşlıq fonunda yükdaşımaların əsas artım mənbəyi təbii ki, Çin olacaq” fikri ölkənin uzunmüddətli strateji baxışını aydın şəkildə əks etdirir. Bu yanaşma qlobal ticarət tendensiyaları, regional əməkdaşlıq və Azərbaycanın məqsədyönlü nəqliyyat siyasəti ilə sıx bağlıdır.

Müasir dövrdə Çin dünya iqtisadiyyatının aparıcı güclərindən biri kimi beynəlxalq ticarətdə əsas rol oynayır. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin Asiya ilə Avropa arasında alternativ və səmərəli nəqliyyat marşrutlarının formalaşdırılmasına xüsusi önəm verir. Bu baxımdan Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi mövqeyə malik Azərbaycan qlobal logistika zəncirində mühüm həlqəyə çevrilir.

Azərbaycanın tranzit potensialı son illərdə ardıcıl və məqsədyönlü investisiyalar hesabına əhəmiyyətli dərəcədə gücləndirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil magistralları və logistika mərkəzləri Çin yüklərinin Mərkəzi Asiya və Xəzər hövzəsi üzərindən Cənubi Qafqaz və Avropa bazarlarına operativ daşınmasına imkan yaradır. Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu gün artıq ən etibarlı və perspektivli nəqliyyat xətlərindən biri hesab olunur.

Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi strateji əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməklə yanaşı, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətlərinə yeni imkanlar açan regional və qlobal əhəmiyyətli layihədir. Dəhlizin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq, nəqliyyat marşrutlarını daha qısa və iqtisadi cəhətdən səmərəli edəcək.

Zəngəzur dəhlizi eyni zamanda türk dünyası ölkələri arasında nəqliyyat və iqtisadi inteqrasiyanı gücləndirəcək. Azərbaycanın birbaşa quru yolu ilə Türkiyə ilə əlaqəsinin bərpası Çin yüklərinin Türkiyə və Avropa bazarlarına daha çevik və təhlükəsiz şəkildə çatdırılmasına şərait yaradacaq. Bu amil beynəlxalq yükdaşıyıcılar və iri ixracatçılar üçün marşrut seçiminin şaxələndirilməsi baxımından mühüm üstünlükdür.

Nəqliyyat layihələrinin uğurla reallaşmasında regional əməkdaşlıq və siyasi sabitlik həlledici rol oynayır. Azərbaycan qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli formalaşdıraraq özünü etibarlı tranzit tərəfdaş kimi təsdiqləyib. Bu etimad Çin kimi qlobal ticarət oyunçuları üçün xüsusi əhəmiyyət daşıyır və yükdaşımaların həcminin davamlı artımını şərtləndirir.

Çindən gələn yüklərin artması Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verir. Tranzit gəlirlərinin yüksəlməsi, logistika və nəqliyyat sektorunda yeni iş yerlərinin yaradılması, regionların sosial-iqtisadi inkişafı qeyri-neft sektorunun güclənməsinə xidmət edir. Bununla yanaşı, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal logistika həllərinin tətbiqi və “yaşıl nəqliyyat” yanaşmaları Azərbaycanın rəqabət qabiliyyətini daha da artırır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin yükdaşımaların əsas artım mənbəyinin Çin olacağına dair fikri mövcud qlobal reallıqlara və Azərbaycanın strateji nəqliyyat siyasətinə tam uyğundur. Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi vahid və səmərəli logistika sisteminin əsas sütunları kimi çıxış edərək Azərbaycanın Avrasiya məkanında aparıcı tranzit və nəqliyyat mərkəzinə çevrilməsini təmin edir.