Novruz xeyirxahlıq, dostluq, birlik rəmzidir
Bir sıra xalqlar, millətlər yaz fəslinin gəlişini təbiətin oyanması-canlanması ilə bağlamış və bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. 2002-ci il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü ” elan edilmişdir. Novruz bayramı Azərbaycan xalqının ən mühüm və sevimli bayramlarından biridir. “Novruz” -hərfi mənada “Yeni gün” deməkdir. Novruz haqqında məlumatlara Ömər Xəyyamın “Novruznamə”, Nizamilmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərlərində rast gəlinir.
Novruz xeyirxahlıq, dostluq, birlik rəmzidir. Azərbaycan incəsənətinin elə bir istiqaməti yoxdur ki, Novruz bayramı ənənələrini orda özünə yer almasın. Təsadüfi deyil ki, xalqımızın bir çox nağılları, nəğmələri meydan tamaşaları, şeirləri, nəsr nümunələrində Novruz adət-ənənələri yer almışdır. Dərin köklərə malik “Kitabi Dədə Qorqud”, “Qobustan” adlı möhtəşəm söz abidələri ilə yaşayaraq bu günümüzə qədər gəlib çıxan Novruz adət-ənənələrimiz gələcək nəsillərin yaddaşında hələ uzun illər yaşayacaq.
Ulu Öndər Heydər Əliyev 21 mart 1996-cı ildə Bakının Gənclər meydanında Qoşa qala qapısı önündə Novruz şənliyində çıxışında qeyd etmişdi ki, Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu hər bir insanın, hər bir vətəndaşın bayramıdır. Ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Çıxışının davamında Ulu Öndər Heydər Əliyev bildirmişdi ki, Azərbaycan ərazisinin bir qismi işğal olunub., dağıdılıb, viran qoyulubdur. Bizə böyük yara vurulubdur, zərbə dəyibdir.
Torpağımız yaralanıbdır, vətənimiz yaralanıbdır. Bu yaralar bizi qorxutmamalıdır və xalqımızı heç vaxt qorxuda bilməz. Biz bunların qarşısını alacağıq. Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.
2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kompaniyası bu gün də davam etdirilir. Yol kənarlarında, müəssisə və təşkilatların ətrafında, park və xiyabanlarda müxtəlif həmişə yaşıl ağac və kollar əkilmişdir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 20 mart 2021-ci ildə Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar. Sonra dövlətimizin başçısı çıxış etmişdir. Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etmişdir. Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu tarixi hadisədir, bu böyük xoşbəxtlikdir. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik ki, bir-birimizə deyirdik ki, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm:
“Şuşa sən azadsan!”,
“Şuşa Azərbaycandır”,
Qarabağ Azərbaycandır!”