Novruz öz mahiyyətinə görə sülh, əmin-amanlıq bayramıdır
Rəna Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 269 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir ümumxalq bayramı təsəvvür etmək belə çətindir. Xalqımız Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı adlandırılan çərşənbələrin keçirilməsinə belə xüsusi həssaslıqla yanaşır və onların hər birini sevinclə qeyd edir.
Tarixi min illərlə ölçülən, özündə milli adət-ənənələrimizi yaşadan Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəmliyi ilə seçilir. Dahi şəxsiyyət Heydər Əliyev çıxışlarında bayram barədə belə söyləyirdi: “Bu bayramı heç kəs əmrlə yaratmayıbdır. Onu da demək istəyirəm ki, zorla, əmrlə insanları hansısa bayramı keçirməyə məcbur etmək çətindir. Təbii ki, olubdur - bəzən xüsusi, siyasi məqsədlərlə - hamı bunu bayram edib. Amma Novruz bayramının fərqi ondan ibarətdir ki, bunun nə siyasi, nə də iqtisadi mənası var. Bu, ancaq bahar bayramıdır, təbiətin bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəli gələn bayramdır. Bu, azərbaycanlıların bayramıdır”.
Ulu Öndərin ideyalarına sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.
Novruz sovetlər birliyi dövründə rəsmən qadağan edilsə də, Ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti hər zaman önə çəkilmişdir. Diqqətəlayiq haldır ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, bayram şənliklərini əks etdirən reportajlar televiziya ilə yayımlanmışdır.
Novruz təkcə məişətdə deyil, siyasətdə bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Novruz bayramını bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev deyib: ‘‘Hәmin gün gәldi..Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә azad edilmiş bütün torpaqları bərpa edəcəyik.”
Öz mahiyyəti ilə sülh, əmin-amanlıq bayramı olan Novruz Azərbaycan xalqının mənəvi irsinin, Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Xalqımızı bu gözəl bayram-Novruz bayramı münasibətilə təbrik edir, bundan sonra da qələblərlə dolu illər arzu edirəm.