İlham Əliyevin uğurlu xarici və daxili siyasəti Azərbaycanı Şərqin Qərbə, Qərbin də Şərqə açılan qapısına çevirib

İlham Əliyevin uğurlu xarici və daxili siyasəti Azərbaycanı Şərqin Qərbə, Qərbin də Şərqə açılan qapısına çevirib

Dadaş Əliyev

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 281 №-li tam orta məktəbin direktoru

Mürəkkəb geosiyasi və həssas coğrafi məkanda yerləşən Azərbaycan zaman-zaman tarixin ağır dönəmlərindən keçmişdir. Uzun illər geopolitik güclərin maraq dairəsində olan Cənubi Qafqazın ən böyük ölkəsi, demək olar ki, tarixin bütün sınaqlarından üzüağ çıxıb. Son sınaq isə 44 günlük İkinci Qarabağ müharibəsi idi ki, bu savaşda Azərbaycan dünya hərb tarixinə də yeni bir səhifə açdı. Məhz ona görə də müstəqil Azərbaycan Respublikasının müasir inkişafı həm iqtisadi-hərbi, həm də müstəqil xarici və daxili siyasətin ardıcıl olaraq uğurla həyata keçirilməsi ilə şərtlənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxaspektli və məqsədyönlü siyasət xalqımızın və dövlətimizin inkişafında yeni tarixi mərhələnin yaranması ilə nəticələnmişdir. Möhtəşəm Qarabağ zəfəri bütün istiqamətlər üzrə inkişaf etmiş və beynəlxalq aləmdə öz sözünü deyə bilən güclü Azərbaycanın çağdaş tarixində xüsusi bir səhifə açmış və bütövlükdə İlham Əliyev erasının yaranmasını müəyyən etmişdir. Müstəqil Azərbaycan dövlətinin Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı, Ümumdünya Səhiyyə Təşkilatı və s. möhtəbər beynəlxalq qurumlar səviyyəsində qazandığı böyük nüfuz, dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilmiş mühüm nailiyyətlər məhz Prezident İlham Əliyevin müstəqil dövlətçilik istedadının parlaq nümunəsidir.

2018-ci ilin aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Belə ki, Azərbaycan xalqı görülən işlərə yüksək qiymət, görülən işlərə, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə və aparılan alternativsiz siyasi gedişlərə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib. Bu dövrdə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb.  Eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji istiqamə istiqamətləri olmuşdur. Məhz onun apardığı uğurlu siyasətin nəticəsində Azərbaycan dünya neft bazarının əsas oyunçularından birinə çevrilmişdir.

2003-2018-ci illər ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynalxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. 2003-2018-ci illər ərzində Azərbaycan xalqı və dövləti, sözün əsil mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strateqiyası uğurla həyata keçirilir. Bu iqtisadi nəticələr məhz siyasi kürsülərdə də Azərbaycanın səsinin inkişaf etmiş ölkələrlə eyni tribunadan səslənməsinə təkan vemişdir.

İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrufatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə ciddi  nəticələr əldə edilib. On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrufatı 1,7 dəfə artmış, qeyri-neft ixraci 4,1 dəfə artmışdır. Bu günün özündə də Azərbaycan nəinki Cənubi Qafqazın, demək olar ki, bütövlükdə regionun öncül ölkəsidir. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyin tam təmin olunmuş,xarici enerji mənbələrində asılılıq aradan qaldırılmışdır. Bütün bu hadisələr bir daha göstərmişdir ki, məhz İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində Azərbaycan Şərqin Qərbə, Qərbin də Şərqə açılan qapısıdır.

Azərbaycan bu gün iqtisadi potensiyal baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş”inin müddəti də məhz İlham Əliyevin yürütdüyü siyasətin nəricəsi olaraq, 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılmışdır. “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlabal enerji bazarında mühüm iştirakçıya çevrilmişdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir.

Bundan əlavə, 2015-ci ildə ilk Avropa oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də təsadüfi olmamışdır. Belə ki, ”Bakı-2015” ilk Avropa Oyunları idman tarixində yeni maraqlı səhifə açmışdır. Bu, həmçinin növbəti oyunlara bələdçi olmuş və Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdirilmişdir. Çox qısa müddətdə yüksək səviyyədə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə Olimpiya Hərəkatına verilən dəyərin təzahürü idi. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Tarixdə ilk dəfə Azərbaycanda keçirilmiş birinci Avropa Oyunları uğurlu olmaqla yanaşı, ölkəmizin idman tarixində layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalmış, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevrilmişdir.