Dövlət başçısının səmərəli fəaliyyəti Azərbaycan vətəndaşlarının üzləşdiyi problemlərin həllində də mühüm rol oynayır

Dövlət başçısının səmərəli fəaliyyəti Azərbaycan vətəndaşlarının üzləşdiyi problemlərin həllində də mühüm rol oynayır

Məcid Rəsulov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 140 nömrəli tam orta məktəbin direktoru

Artıq hər bir azərbaycanlı gələcəyə böyük ümidlər bəsləyir, inamla irəli gedir. Çünki Azərbaycan kimi həm regionda, həm də dunya siyasətində öz sözünü deyə bilən güclü dövlətdir. Bu gücü biz vətəndaşlarda hiss edir və qürur duyuruq. Dünya xalqlarının inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən inkişaf prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu əvəzsizdir və həlledicidir.

Liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir. Bu mənada Azərbaycan xalqı da çox xoşbəxtdir ki, tarixinin ən çətin məqamlarında Heydər Əliyev kimi fenomen liderin ətrafında sıx birləşib gələcək uğurlara əsas yaratmışdı. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003- cü ilin prezident seçkiləri ərəfəsində Ulu öndər Heydər Əliyev ömrünü həsr etdiyi xalqına etdiyi tarixi müraciətində əminliklə deymişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Müstəqil Azərbaycan dövlətinin qurucusunun bu yüksək etimadı rəhbərlik etdiyi illərdə ölkə həyatının bütün sahələrində özünü inamla, uğurla doğrultdu. Cənab Prezident İlham Əliyev həm xalqının həm də Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi. Tarixi torpaqlarımızı düşmən əsarətindən azad etdi. Ümumilikdə 2003-cü ildən isə ölkəmiz Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla
inkişafın və tərəqqinin yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilmiş, dünyada öz layiqli yerini tutmuşdur. Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirdi. Azərbaycan öz siyasəti ilə bütün dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi
tanındı, Avropanın və dünyanın ən böyük və nüfuzlu ölkələri ilə qarşılıqlı münasibətlər yaratmaq üçün ciddi iş aparıldı. Ölkəmiz bütün regional məsələlərdə aparıcı qüvvəyə çevrildi. Prezident İlham Əliyevin inkişaf konsepsiyasının əsas hədəflərindən biri ölkə iqtisadiyyatının inkişafının davamlı xarakter almasıdır.


Yaradıcısı Ulu öndər Heydər Əliyev olan neft strategiyasının uğurlarını davam etdirməklə dövlət başçısı daha güclü iqtisadi model üzərində işlədi və elə prezidentliyinin ilk illərində bu məqsədə nail oldu. Bu gün ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun yüksəlişi daha çox diqqəti cəlb edir, çoxşaxəli iqtisadiyyatın inkişafı təmin olunur. Bu sahədə turizm sektorunun güclənməsini prioritet elan edən Prezident İlham Əliyev Azərbaycandabu sektorun kompleks inkişafını diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, son illərdə Azərbaycana gələn turistlərin sayı sürətlə artır. 

Dövlət başçısının səmərəli fəaliyyəti Azərbaycan vətəndaşlarının üzləşdiyi problemlərin həllində də mühüm
rol oynayır. Bu, Prezident-vətəndaş münasibətlərində əsas amil olmaqla ölkəmizin inkişafında, cəmiyyətdə inam, etimad mühitinin formalaşmasında da aparıcı rol oynayır. Peşəkar ordusu olan ölkənin müstəqilliyi də əbədidir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə
alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır.

Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Bütün bu işlərin əsasında duran məsələ məhz ərazi bütovlüyümüzün təmin olunması idi. Müzəffər Ali Baş Komandan ilham Əliyev çıxışlarında həmişə qeyd etdiyi kimi bir rəhbərin ən vacib vəzifəsi torpaqların bütövlüyünü təmin etməkdir. Zəfərə aparan yol uzun olur və heç zaman bir göz qırpımında uğur əldə edilmir. Bunun üçün iqtisadi inkişaf, tarixi şərait, geostrateji mühit və lazımi siyasi məqam əsas
amillərdir.

Prezident İlham Əliyev bütün bu məqamları uzaqgörənliklə müəyyənləşdirdi, ölkəmiz Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla, BMT qətnamələrini təkbaşına icra edərək haqq mübarizəmizi uğurla başa çatdırdı. Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərflərlə yazan Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək Zəfərin təntənəsini qürur hissi ilə yaşayırıq, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi.

Eyni zamanda, döyüş meydanında əldə edilən qələbə düşməni təslim olmağı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının şəhid vermədən işğaldan azad olunmasına şərait yaratmış oldu. 2020-ci il Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında qəbul edilmiş üçtərəfli bəyanatla Ermənistan faktiki olaraq kapitulyasiyaya imza atmış, Azərbaycan qarşısında öz zəifliyini qəbul etmiş oldu. Böyük fəxr və qürur hissi ilə qeyd etmək lazımdır ki, 44 günlük müharibə ərzində Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri qəbul etdirmək qeyri-mümkündür. Azərbaycan oz taleyini özü həll etmək iqtidarındadır. Doğrudur
biz sülh tərəfdarıyıq ancaq, lazım olduqda “Dəmir yumruq” kimi birləşib düşmənin
başını əzməyi də bacarırıq.

Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Yaşasın Müzəffər Azərbaycan Ordusu!