Növbəti üçtərəfli görüşdə də Azərbaycan öz milli maraqlarını diqtə edə bilmişdir
Azərbaycan Avropa İttifaqının doqquz ölkəsi ilə strateji əməkdaşlıq haqqında vacib sənədlər imzalamışdır. Litva Prezidenti Gitanas Nausėdanın Bakıya rəsmi səfərə gəlməsi və strateji əməkdaşlıq haqqında bəyanatın imzalanması Azərbaycan Avropa İttifaqı arasında əlaqələrin yeni məcmusudur. Avropa bazarına Azərbaycanın enerji məhsullarının daha intensiv daxil olması üçün mümkün təkliflər irəli sürülməkdədir. Azərbaycan Qafqaz regionunun “parıldayan ulduzudur”. Onunla əməkdaşlıq meyilləri demək olar ki, bütün dünya dövlətlərində mövcuddur. Dünyada mövcud olan dövlətlərlə yaxşı münasibətlərin qurulması Azərbaycan üçün hər zaman prioritet hesab olunmaqdadır. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin zəfərlə başa çatması və yaradılmış yeni reallıqlar bir çox dünya dövlətlərini bizimlə əməkdaşlıq etməyə sövq edir. Bu, zamanın diqtəsi, yeni reallıqların tələbidir.
Azərbaycan üçün ən etibarlı bazar və əməkdaşlıq mühiti əlbəttə, Avropada mövcuddur. Köhnə qitənin insanlarının əsrlərə bərabər münasibətlər halqasından və etibarlı nəqliyyat infrastrukturundan Azərbaycan iqtisadi münasibətlərində istifadə etmək arzusundadır. Eyni zamanda da Azərbaycanda son dövrlər həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar və əldə olunan nəticələr Avropa dövlətlərinin də ölkəmizlə əlaqələrə can atmasına səbəb olmuşdur. Baş verən prosesləri təhlil etdiyimiz zaman deyə bilər ki, Avropa İttifaqı Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verməkdədir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün xüsusi cəhd göstərməsi isə təqdirəlayiqdir.
Rusiya-Ukrayna müharibəsi davam edir. Avropa dövlətləri və ABŞ hələ də Rusiyaya alternativ enerji mənbəyi tapa bilməmişdir. Avropanın cənub və şərq hissələrində yerləşən dövlətlər TANAP və TAP layihələri vasitəsi ilə Azərbaycan qazının hesabına isinə bilir. Lakin Avropanın bütün regionları Azərbaycan və Azərbaycan vasitəsi ilə Qazaxıstan, Türkmənistan və hətta İran qazını nəql etməyə hazırdır. İllər öncə böyük vəsaitlər hesabına əsası qoyulan boru xətt layihələri gerçəkləşdirən Azərbaycan Rusiya qazına bazarda alternativ olmasa da Avropa dövlətlərinin diqqətini çəkə bilmişdir. Ən qısa nəql yolu məhz Zəngəzur dəhlizidir. Bunun üçün isə münaqişə tamami ilə bitməli və yekun sülh müqaviləsi bağlanmalıdır. Hesab edirəm ki, Avropa dövlətlərinin sülh məsələsində bu qədər fəal iştirak etməsinin səbəblərindən biri də məhz enerji təhlükəsizliyi məsələsidir. Azərbaycan isə etibarlı tərəfdaş və enerji təminatçısıdır.
22 may 2022-ci il tarixində üçtərəfli formatda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin ev sahibliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın sayca üçüncü görüşü həyata keçirilmişdir. Öncə hər iki ölkənin rəhbəri ilə ayrı-ayrılıqda görüşən Şarl Mişel daha sonra 5 saata yaxın üçlü formatda müzakirələr aparmışdır. Bu artıq o deməkdir ki, Brüssel sülh gündəliyi var, mövcuddur və bu gündəlik öz işini davam etdirməkdədir. Azərbaycanın irəli sürdüyü beş fundamental prinsiplərdən ibarət təkliflər paketi danışıqların əsasını təşkil edir. Bu dəfə Azərbaycan öz mövqeyini daha da gücləndirmiş, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğulamışıdır. Dövlətimizin başçısı 10 noyabr bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edib. Bu, bir daha sübut edir ki, Azərbaycan öz milli maraqlarından bir addım da olsun geriyə çəkilməmişdir.
Hər nə qədər Ermənistan sülh gündəliyini pozmağa cəhd etsə də Azərbaycan sülh müqaviləsinin imzalanmasında israrlıdır. Bu prosesi gecikdirmək və “nə sülh, nə müharibə” vəziyyətini davam etdirmək üçün Ermənistanda hakimiyyətə keçmiş Qarabağ klanı tərəfindən ciddi təzyiqlər vardır. Bu, onlarda xam xəyalların yaşamasına səbəb olur. Həm də bu yolla öz daxili cəmiyyətlərinə hesablanmış siyasət yürüdürlər. Sanki gələcəkdə hər hansı bir dövlətin və ya dövlətlərin dəstəyi ilə yenidən baş qaldıra biləcəklərini düşünürlər. Halbuki, dəmir yumruq hər zaman yerində olacaq, hakimiyyət, xalq və ordu birliyi yaxın gələcəkdə iki dövlət arasında sülh müqaviləsinin də imzalanmasına səbəb olacaqdır.
6 aprel tarixindən sonra qərb dövlətləri, xüsusi ilə Avropa İttifaqı Şurası, ABŞ Dövlət Katibliyi, NATO-nun nümayəndələri istər Bakı səfərləri çərçivəsində, istərsə də müxtəlif formatlarda Ermənistan-Azərbaycan arasında mövcud olan sülh prosesinin uğurla başa çatmasına öz töhfələrini verməyə hazır olduqlarını dəfələrlə ifadə etmişlər. Artıq qərb dövlətləri daha yaxşı anlamağa başlamışlar ki, özlərinin prosesə laqeyd yanaşmaları son nəticədə digər tərəflərin həmin bölgələrə təsir dairəsinin artmasına səbəb olur. Rusiya-Ukrayna savaşı qərb siyasət və təhlükəsizlik institutlarına həyacan təbili çalmağın vaxtının gəldiyini sübut etdi. ABŞ Prezidenti Co Baydenin 28-May Müstəqillik Günü münasibəti ilə cənab Prezidentə göndərdiyi təbrik məktubu da qərbin Qafqazın “ulduzu” və yeni reallıqların yaradıcısı olan Azərbaycanla dərin, yaxşı münasibətləri davam etdirməkdə maraqlı olduğunu göstərir. Avropa İttifaqı Şurası və onun Prezidenti cənab Mişel sülh proseslərini dərindən bilir. Ən əsas məqam ondan ibarətdir ki, keçmiş münaqişənin tərəfləri ATƏT-in Minsk qrupundan fərqli olaraq Avropa İttifaqı Şurasına etibar edirlər.
Sayca üçüncü dəfə keçirilmiş üçtərəfli görüşdə Azərbaycan qəti mövqe nümayiş etdirərək, qarşısında kimin olmasından asılı olmayaraq dəyişməz mövqeyə malik olduğunu göstərdi. Sülh müqaviləsinin imzalanmasının Azərbaycanın milli təhlükəsizlik məsələsi olduğu bir daha tərəflərin diqqətinə çatdırıldı. Deməli, heç bir məqamdan asılı olmayaraq sülh gündəliyi davam edir. Görüşlərin intensivləşməsi, müzakirələrin detallar üzərində aparılması deməyə əsas verir ki, sülh müqaviləsinin imzalanmasına artıq çox yaxınıq. Əlbəttə, Ermənistan hakimiyyəti daxili sosial bazada bəzi revanşistlərin prosesi uzatmaq cəhdlərinə görə hələ də gah nala, gah da mıxa vurur. Lakin bunun heç bir faydası olmadığını bilməlidirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün sonunda ifadə etdiyi fikirləri dəyərləndirdiyimiz zaman o qənaətə gəlmək olur ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan təklifləri danışıqlar prosesinin əsasını təşkil etməkdədir. Azərbaycan Zəngəzur dəhlizi məsələsində də öz qəti mövqeyini saxlamaqdadır. Şarl Mişelin mətbuat üçün açıqladığı məqamlar da bunu deməyə əsas verir. Prezident cənab İlham Əliyev dəfələrlə dövlət rəhbəri, ordu komandanı və danışıq masalarının mahir diplomatı kimi özünü sübut etmişdir. Bu dəfə də belə oldu.
22 may 2022-ci il tarixli üçtərəfli görüşün yekun sənədinə baxdığımız zaman əminliklə deyə bilərik ki, Azərbaycan bu dəfə də öz milli maraqlarını diqtə edə bilmişdir. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyilir ki, müzakirə səmimi və məhsuldar keçib. Məsələlərin bütün spektri nəzərdən keçirilib. Humanitar məsələlər, o cümlədən minalardan təmizləmə və itkin düşənlərin taleyinin həlli ətraflı müzakirə edilib.
Azərbaycan istəklərinə bir-bir müzakirələr müddətində nail olmaqdadır. Sərhəd məsələləri öz həllini tapmaq üzrədir. Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək. Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri bununla bağlı rəsmi sənədlər imzalayıblar. Bu artıq sülh prosesinin uğurla başa çatacağına böyük ümidlər yaradır.
Kommunikasiyaların açılması əslində regionda davamlı və dayanıqlı sülhün təminatı qismində çıxış edir. Liderlərin nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəlməsi, Azərbaycanın qərb hissəsi, Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsiplərdə razılaşmaları tarixi addım hesab olunmalıdır. Xüsusilə, liderlər beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, o cümlədən gömrük qaydaları barədə razılığa gəliblər. Yaxın günlərdə Baş nazirin müavinləri bu işi davam etdirəcəklər. Artıq hər iki tərəfdən işçi qrupları hazırdır. Biz sülhə və əməkdaşlığa doğru ciddi atılmış addımlar görməkdəyik.
Sülh müqaviləsinin imzalanması müharibədən sonra ən zəruri hadisədir. Azərbaycan müharibə bitəndən sonra sülh müqaviləsinin imzalanması tezisini irəli sürmüşdür. İndi isə artıq liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandalar bu prosesi irəli aparacaqlar. Bu artıq proseslərdə yeni mərhələdir.
Biz diplomatik və siyasi həll yollarını başda cənab Prezident İlham Əliyevin ətrafında formalaşan dəmir yumruğun və qəhrəman oğullarımızın hesabına əldə etmişik. Ermənistanın və onun havadarlarının başqa alternativ həll yolu yoxdur. Yol da bizimdir, söz də!