Naxçıvan: Tarixi ənənələrdən qlobal iqtisadi mərkəzə
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu gün öz tarixinin ən şərəfli və dinamik inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin 11 avqust 2026-cı il tarixində Naxçıvana növbəti səfəri sadəcə bir səfər deyil, bölgənin gələcək inkişafı baxımından strateji bir dönüş nöqtəsidir. Dövlət başçısının bu səfəri, Muxtar Respublikanın potensialının tam açılması və Qarabağ, Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyasında birləşdirilməsi istiqamətində atılan qətiyyətli addımların davamıdır.
Səfər çərçivəsində bir sıra məsələlərə toxunan dövlət başçısı Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin yeni mərhələyə addımlaması ilə bağlı fikirlər səsləndirmişdir.
Ölkə başçısı Naxçıvanın müdafiə potensialının gücləndirilməsini “prioritet məsələ” adlandırmış, bu istiqamətdə böyük işlər görüldüyünü vurğulayaraq, Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan inkişafı da qeyd etmişdir.
Cənab Prezident Naxçıvanda olarkən iqtisadi potensialı və istehsalı genişləndirmək məqsədilə Naxçıvan Sənaye Parkının təməli qoyulmuşdur. Prezident eyni zamanda Muxtar Respublikada inşası davam edən “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyalarındakı işlərin gedişatı ilə maraqlanmışdır.
Dövlət başçısı verdiyi müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən Prezidentin Xüsusi Nümayəndəliyi İnstitutunun Naxçıvanda da uğurla işlədiyini vurğulayıb. Bu islahat Muxtar Respublikanın statusu qorunmaqla idarəetmə reqlamentinin təkmilləşdirilməsinə xidmət edir.
Cənab İlham Əliyev Ermənistan ərazisindən keçəcək kommunikasiyaların təkcə avtomobil və dəmir yolu deyil, həm də mühüm enerji, fiber-optik kabel və elektrik xətləri dəhlizi olacağını bildirib. Qeyd edib ki, Azərbaycan öz ərazisindəki işləri sürətlə tamamlayır və layihə Ermənistana da böhran anında kömək edə bilər.
Ölkə prezidenti azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur) tətbiq edilən müasir şəhərsalma təcrübəsinin Naxçıvanda da reallaşdırılması üçün xüsusi göstəriş vermişdir. Prezident onu da qeyd edib ki, 8 avqust Vaşinqton razılaşmalarından sonra Naxçıvan Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Avtomobil və dəmir yollarının bu cür fəaliyyəti yeni iş yerlərinin açılmasına və insanların rifahına xidmət edəcəkdir.
Prezident kimi Naxçıvan Muxtar Respublikasına 17-ci səfərini etdiyini qeyd edən dövlət başçısı regionun təhlükəsizliyi və sosial rifahının bundan sonra da dövlətin birbaşa nəzarətində olacağını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla vahid, nümunəvi inkişaf diyarı kimi görmək strategiyası, Azərbaycanın gələcək yüksəlişinin və regional liderliyinin möhkəm təməlidir. Naxçıvan bu gün həm tarixi ənənələrinə sadiq qalaraq millikimliyimizi qoruyur, həm də müasir çağırışlara cavab verən, güclü, dayanıqlı və yüksək inkişaf etmiş bir strateji mərkəz kimi dünya arenasında öz yerini möhkəmləndirir.