Müzəffər Ali Baş Komandan — Qüdrətli Ordu — Yumruq kimi birləşmiş Xalq …
Səbinə Əhmədli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 101 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsin müəllimi
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında "Dəmir Yumruq" əməliyyatına – Vətən müharibəsinə başladı. 44 gün davam edən bu haqq savaşında xalqımız həm döyüş meydanında, həm də arxa cəbhədə misilsiz bir birlik nümayiş etdirdi.
Bəzi tarixlər xalqların salnaməsinə sadəcə təqvim vərəqi kimi daxil olmur,onlar millətin qədərini, mənliyini və gələcəyini kökündən dəyişən dönüş nöqtələrinə çevrilir. 2020-ci ilin 27 sentyabr səhəri Azərbaycan xalqı üçün məhz belə bir tarixi anın başlanğıcı oldu. 30 ilə yaxın bir müddətdə qəlbimizdə dərin acı ilə daşıdığımız torpaq nisgili, tapdanmış qürurumuz və dinməyən ağrılarımız o payız səhərində bir dəmir yumruğa çevrildi.
Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başlayan əks-hücum əməliyyatı, tezliklə hər bir Azərbaycanlının həyatının ən müqəddəs amalına — Vətən Müharibəsinə çevrildi.
O gün yalnız ordu cəbhəyə yerimədi, bütün bir millət ayağa qalxdı. Yaşından, peşəsindən, siyasi baxışından və harada yaşamasından asılı olmayaraq, milyonlarla insan eyni nəfəsi almağa başladı. Qəlbi Vətən sevgisi ilə döyünən hər bir fərd anladı ki, bu döyüş yalnız torpaq uğrunda deyil, həm də milli ləyaqətimizin, tarixi ədalətin və gələcək nəsillərin başıuca yaşaması uğrunda müqəddəs bir haqq savaşıdır.
27 Sentyabr — illərlə çəkdiyimiz Vətən həsrətinin, şəhidlərimizin intiqam odunun və tükənməz milli iradəmizin möhtəşəm bir qələbə dastanına çevrildiyi ilk gündür.
Müharibənin hər bir günü Azərbaycan əsgərinin və zabitinin misilsiz şücaəti, sarsılmaz iradəsi və fədakarlığı ilə yazıldı. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Hadrutun, Suqovuşanın və yüzlərlə kəndimizin azad edilməsi xəbəri hər gün xalqımıza sonsuz fərəh və qürur hiss yaşadırdı. Sıldırım qayaları yalın əllə, xüsusi təyinatlı cəsarəti ilə dırmaşaraq Şuşanı azad edən qəhrəmanlarımız, dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq bir möcüzə yaratdılar. Şuşanın fəthi yalnız bir şəhərin azad olunması deyildi. Bu, milli ruhun zəfəri, Azərbaycanın əyilməz qamətinin təsdiqi idi.
Cəbhədən gələn hər bir şad xəbər arxada qalan milyonların inamını birə-beş artırırdı. Müharibə dövründə xalq ilə ordunun, dövlət ilə vətəndaşın nümayiş etdirdiyi yekdil birlik "Müzəffər Ali Baş Komandan — Qüdrətli Ordu — Yumruq kimi birləşmiş Xalq" formulunu reallığa çevirdi. Bu 44 gün ərzində Azərbaycan xalqı bir daha sübut etdi ki, Vətən mövzusu gələndə bütün fərqliliklər unudulur, yalnız bir müqəddəs bayraq altına toplanılır.
Böyük zəfərlər böyük fədakarlıqlar hesabına qazanılır. 44 günlük Zəfər dastanının hər sətiri şəhidlərimizin al qanı ilə yazıldı. Onlar Vətən torpağı bölünməsin, körpələr rahat yatsın, bayrağımız zirvələrdə azad dalğalansın deyə gözlərini qırpmadan öz şirin canlarından keçdilər. Evin tək övladı olan, nişanlısını, körpə balasını, yaşlı valideynini Vətənə əmanət edib cəbhəyə tələsən minlərlə oğlumuz şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu. Ruhları şad olsun!