Müzəffər liderin rəhbərlik etdiyi siyasi partiya dünən olduğu kimi bu gün də aktualdır
Məzahir Heydərli
"Xəbərim.az" saytının baş redaktoru
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür. Partiyanın keçdiyi keşməkeşli yola nəzər saldıqda ötən illər ərzində onun ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm əhəmiyyətli rol oynadığının şahidi olarıq. 1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqliyi ilə layiqincə yerinə yetirilib.
Xalqın sınanmış lideri və vətənpərvər, peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşən ziyalılar, tanınmış simalar, nüfuzlu şəxslər Yeni Azərbaycan Partiyasının özəyini təşkil edirdi. Partiya bu gün də Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi olan yüksək intellektli, peşəkar və vətənpərvər kəsimindən ibarət 720000 çox üzvü öz sıralarında birləşdirir. Bu il yaranmasının 31 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası ötən dövr ərzində Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyası kimi mövqeyini möhkəmləndirmiş, böyük təcrübə qazanmış, ciddi inkişaf yolu keçmişdir. Partiya öz fəaliyyət prinsiplərinə sadiq qalaraq, Ulu Öndərin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun daim dəstəkçisi olmuşdur.
Məlumdur ki, son illərdə ölkəmizdə gedən inkişafın, müasirləşmənin məntiqi və qanunauyğun nəticəsi olaraq, siyasi sferada və idarəetmə sahəsində islahatlar daha da genişlənmiş, keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bu islahatlar və yenilənmə daim zamanla ayaqlaşan Yeni Azərbaycan Partiyasından da yan keçməmiş, partiyanın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı və orada alınan qərarlar həm ölkəmizin ictimai-siyasi həyatında, həm də YAP-ın fəaliyyətində əlamətdar hadisə olmuşdur.
Qurultaydan sonra partiyada həyata keçirilmiş struktur dəyişiklikləri YAP-ın fəaliyyətində səmərəliliyin və çevikliyin artırılmasına təkan vermiş, YAP-ın veteranları, təcrübəli üzvləri ilə gənclər arasında təmasların genişləndirilməsi partiya ənənələrinin, təcrübə və dəyərlərinin canlı ünsiyyət şəraitində nəsildən-nəslə ötürülməsini təmin etmişdir. Qurultay günündə 6 siyasi partiyanın öz müraciətləri əsasında YAP-a birləşməsi, eləcə də son iki ildə partiyaya üzv olmaq üçün müraciətlərin çoxalması Yeni Azərbaycan Partiyasının cəmiyyətdə, xalq arasında artan nüfuzundan xəbər verir. Təkcə onu qeyd etmək kifayətdir ki, VII qurultaydan sonra YAP-a 30 min nəfərdən artıq yeni üzv qəbul olunmuşdur ki, onlardan 15 min nəfərdən çoxu gənclərdir.
44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbə Azərbaycan xalqının, o cümlədən gənclərimizin ölkə Prezidentinə, dövlətçiliyimizə nə qədər bağlı olduqlarını bütün dünyaya nümayiş etdirdi. Ona görə də qalib ölkənin müzəffər liderinin rəhbərlik etdiyi siyasi partiyaya maraq da bu gün ən yüksək səviyyədədir. Xalq Prezident, YAP Sədri İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad edilməsi yolunda canından keçməyə hazır olduğunu nümayiş etdirdi. Bu, həm də dövlətimizin başçısına olan inamdan irəli gəlirdi. Bu birlik və həmrəylik Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.