Müstəqil Dövlətlər Birliyində Azərbaycan öz fəaliyyətini də məhz milli maraqların qorunması prinsiplərinə uyğun tənzimləmişdir
Hər bir dövlət üçün beynəlxalq əməkdaşlıq sahəsində uğurlu əlaqələr qura bilmək böyük əhəmiyyət kəsb edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu istiqamətdə bir çox addımlar atılmış, səmərəli fəaliyyət həyata keçirilmişdir. Dövlətimizin tale yüklü məsələlərdə öz iradəsini qəbul etdirməsi baxımından bu kimi əməkdaşlıqların rolu danılmazdır. Təbii ki, Azərbaycan bütün dünya dövlətləri ilə bərabərtərəfli əlaqələrin qurulmasına önəm verir. Lakin region dövlətləri ilə münasibətləri tənzimləməyin çəkisinin bir qədər ağır olması bütün dövrlərdə nəzərə çarpır.
1993-cü ildə Müstəqil Dövlətlər Birliyinə daxil olan Azərbaycan bu təşkilat tərkibindəki fəaliyyətini də məhz milli maraqların qorunması prinsiplərinə uyğun tənzimləmişdir. Təşkilatın məqsədinin çoxtərəfli əməkdaşlıq üçün şərait yaradılması, siyasi, hərbi və humanitar sahələrdə tərəfdaşlığın təkilinə yardımın olduğunu nəzərə alsaq ötən dövr ərzində ölkəmizin mənafeyinə uyğun atılan addımları xatırlamaq yerinə düşər.
Ermənistanın uzun illər ərzində apardığı təcavüzkar siyasətin məkrli planlarının bir hissəsinin qarşısının Azərbaycanın MDB üzvü olması sayəsində alınması özünü MDB çərçivəsində dövlətimizin razılığı olmadan heç bir ciddi sənədin qəbul oluna bilməməsində nümayiş etdirmişdir. Ölkə sərhədlərinin qanunauyğun bərpası və mühafizəsi, təhlükəsizliyin təminatı naminə Azərbaycanın qəbul edilməsi təklif olunan sənədlərə veto qoya bilmək hüququ önəmli məqamlara təsadüf etmişdir. Azərbaycan həqiqətlərinin daha geniş kütləyə çatdırılması və dövlətin mövqeyinin daha böyük müstəvidə şərhi daim inkişafa və rifaha hədəflənmiş ölkənin prioritetlərini ortaya qoymuşdur.
Üzv ölkələrlə ticarət yönündə əldə olunan uğurlar nəqliyyat sahəsinin inkişaf etdirilməsi üçün stimul yaratmış, bu da öz növbəsində əmtəə dövriyyəsinin artımını şərtləndirmişdir. Cari ilin 13 oktyabr tarixində Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi ötən il ərzində Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin 30 faiz həcmində artması növbəti dövr üçün də ümidverici görünür. MDB çərçivəsində əməkdaşlığın digər tərəflərinə də toxunan ölkə başçısı budəfəki iclasın ev sahibliyini üzrərinə götürmüş Qırğızıstan Prezidenti Sadır Japarova təşəkkür etməklə bərabər qarşılıqlı münasibətlərin inkişafından məmnunluğunu da ifadə etmişdir.
Qırğısıztanla əməkdaşlığı yeni mərhələyə çıxaracaq Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun yaradılmasının yeni layihələrin həyata keçirilməsi baxımından sürətləndirici rolu artıq öz məntiqi nəticələrini göstərməyə başlamışdır. Özbəkistan və Qazaxıstanla iqtisadi əlaqələrin inkişafını təmin edən cəhətlərə də toxunulmuşdur. 2024-cü ildə Səmərqənd şəhərinin “ Birliyin mədəniyyət paytaxtı” elan olunması Özbəkistan üçün önəmli olmaqla mədəni əlaqələrin inkişafı baxımından da mühüm hadisə kimi xarakterizə oluna bilər. Humanitar sahənin Birliyin fəaliyyət istiqamətində əhəmiyyətli yerlərdən birini tutduğunu nəzərə alsaq 2025-ci ildə üçüncü MDB oyunlarının Azərbaycanda keçirilməsi təşəbbüsünün dəstəklənməsi ölkəmizdə bu sahənin inkişafına təkan verəcəkdir. Bir sıra beynəlxalq yarış və müsabiqələrə ev sahibliyi etmiş Azərbaycanın bu sahədəki təcrübəsinə yeniləri əlavə olunacaqdır.
Ümumilikdə hərbi-siyasi, iqtisadi, mədəni-humanitar sahədəki əlaqələrin yüksək səviyyədə təşkili və inkişafını nəzərdə tutan MDB-nin fəaliyyətinin davam etdirilməsi üzv dövlətlərin çoxtərəfli əməkdaşlığının davamı olaraq ikitərəfli əməkdaşlığının da daha yüksək mərhələyə adlamasına imkan yaradır. Birliyinin fəaliyyətinin sonrakı dövrlərdəki inkişaf prioritetlərini müəyyənləşdirmək və həmin məqamları lazımı şəkildə dəyərləndirmək məqsədilə keçirilən görüşlərin nəticələrinin rəsmi sənədlər şəkilndə imzalanması həyata keçirilir. Bişkek sammiti də bu mənada istisna təşkil etməmiş və iclasın sonunda bir sıra vacib sənədlər imzalanmışdır.