Fuad Rəhimov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Yeni Suraxanı bələdiyyəsi sədrinin vəzifəsini müvəqqəti icra edən
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə ulu öndər Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş zamanın dahisi Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Bir sözlə, Ümummilli lider, sözün əsl mənasında, ən böyük azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olaraq XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün isə, ilk növbədə, ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin atdığı ilk addımlar möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşdırılmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.Amma bu böyük siyasətçi Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da xalqa zidd hakimiyyət tərəfindən ona qarşı bir o qədər təzyiq və hədələr gözlənilirdi. Bütün təzyiqlərə baxmayaraq, ümummilli lider Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana gəlməyə məcbur oldu. Bu Qayıdış təkcə qədim Naxçıvanın deyil, ümumilikdə Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcı idi. Ulu öndərin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdışı idi.Sovetlər dövründə birinci katib kimi qurub-yaratdığı respublikadakı şəxsi mənzilində belə yaşamağa imkan verilmədiyi üçün məcbur qalıb ata ocağına-Naxçıvana qayıdan Ulu Öndəri həmyerliləri doğma övladı kimi qarşıladılar.
1990-cı il noyabr ayının 17-də XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyası böyük xilaskarın sədrliyi ilə keçirildi və çox mühüm tarixi qərarlar qəbul olundu.Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin fövqəladə sessiyasının yekdilliklə verdiyi səslə 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında böyük dövlət xadimi Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədri seçildi. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara aldı. Həmin sessiyada, həmçinin Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli Dövlət Bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında da qərarlar qəbul edildi.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüb. 1990-1993-cü illər Naxçıvanının siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əmin-amanlıq yaradılmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdı. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dövründə gördüyü işlər, muxtar respublikanın yaşamasına və xilasına yönəlmiş tədbirlər 1990-1993-cü illərdə xaos və təhlükələr, açıq şəkildə bildirilən kəskin narazılıqlar və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan, parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanın xilas yolunun başlanğıcı idi.
Heydər Əliyev Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğuladı. O, özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.
Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. İlk növbədə, yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi.
Bu gün müasir Naxçıvan tərəqqi və inkişafın ən yüksək zirvəsindədir. Bu zirvədən baxdıqda insan iradəsinin, zəhmətinin nəyə qadir olduğu aydın görünür. Artıq muxtar respublikada əhalinin həyat səviyyəsi getdikcə yüksəlir, insanların torpağa bağlılığı, yurd sevgisi artır, yaşayış məntəqələri müasirləşir, əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir, torpaqlarımız güclü və nizami ordu hissələri tərəfindən qorunur.
Ölkə rəhbəri Cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı burada gedən bu böyük inkişafı yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Muxtar Respublikası son illər ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”. Bəli, bu gün Muxtar Respublikanın inkişafının mükəmməl modeli yaradılmışdır. Bu model isə dövlət müstəqilliyimizin və davamlı inkişafın qarantı olan ümummilli lider siyasi xəttinə sonsuz sədaqət və xalqa xidmət prinsipləri üzərində qurulmuşdur.
Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyev beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. 44 günlük müharibə nəticəsində Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik dövlət rəhbərliyi, təfəkkürü, strateqliyi, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində şanlı tarix yazdı. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq etdi. Ali Baş Komandanın erməni faşistlərinə qarşı dərin nifrətlə dolu qorxmaz çağırışları, dönməz qətiyyəti ilə Vətənimizi qələbədən-qələbəyə qovuşdurdu.