Moskvada növbəti üçtərəfli görüş: İlin sonuna qədər Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında sülhün əldə olunacağına inanıram
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, politoloq
Moskvada keçiriləcək növbəti üçtərəfli görüşdə delimitasiya və demarkasiya məsələləri ön planda olub. Vaşinqton, Brüssel görüşlərində hər iki tərəf müsbət irəliləyişlər əldə etməyi bacardı. Ermənistanla Azərbaycan qarşılıqlı şəkildə bir-birinin ərazisini tanıdı. Məhz bu görüşlərdən sonra Ermənistan Qarabağda yaşayan ermənilərin İrəvanla yox, Bakı ilə məsələni həll etməli olduğunu açıqladı.
Rəsmi Bakı Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə, təhlükəsizliklərinin təmin olunacağını dəfələrlə vurğulayıb. Əlavə olaraq isə erməni əhalinin Azərbaycana inteqrasiya oluna bilməsi üçün ölkəmiz bir sıra addımlar atır. Yaxın zamanlarda inteqrasiya prosesi ilə bağlı növbəti görüş planlanır.
Ermənistanla Azərbaycan arasında sülh istəməyən qüvvələr vəziyyəti gərginləşdirmək istəyir. Mayın 25-i Moskvada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Bu görüşdə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün danışıqlar olub Əsas olaraq kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məsələləri gündəmdə olub.
Görüşlərdən sonra diqqət çəkən məqamlardan biri Rusiyanın bəzi siyasi dairələrinin Ermənistanla Azərbaycan arasında sülhə narazı yanaşmalarıdır. Paşinyanın parlamentdəki açıqlamalarından sonra bəzi rus ekspertlər onu satqınlıqda ittiham edir. Mediaya müsahibə verən bəzi rusiyalı siyasi ekspertlər və politoloqlar Paşinyandan daha erməni olmağa çalışırlar. Lakin Putinin Qarabağın Azərbaycana aid olması barədə açıqlamalarını unudurlar. Putin dəfələrlə Qarabağın Azərbaycana aid olduğunu vurğulayıb.
Müəyyən qüvvələr iki münaqişəli ölkə arasında sülhün təmin olunmasını istəmir. Lakin ilin sonuna qədər Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında sülhün əldə olunacağına inanıram.