Milli tariximizin Heydər Əliyev epoxası-1969-2003-cü illərdə Azərbaycan dili hərtərəfli inkişaf etmişdir
Sevinc İsmayılova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. “Kitabi Dədə Qorqud” dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilən, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çoxdur. Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi enişli -yoxuşlu olmuşdur Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli qərarı ilə Cümhuriyyət hökuməti o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etmişdir.
Azərbaycan dili dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında 1978-ci ildə təsbit olunmuşdur. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ümumxalq referendumu ilə “Azərbaycan dili” yeni Konstitusiyada da dövlət dili kimi öz əksini tapdı. Azərbaycan dilinə Dövlət dili statusunun verilməsi Ümummili Lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldikdən sonra cəsarət və vətənə sadiqliyi tələb edən mövqe nümayiş etdirməsi ilə milli dilimiz də buxovlardan azad olmağa başladı.
70-80-ci illərin ictimai -siyasi həyatında dil məsələsinin yenidən gündəmə gəlməsi, şübhəsiz ki, Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərdə onun yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəldib. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003- cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi Ulu Öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur.
Şərəfli tarixi yolun başlanğıcı hələ 1969-ci ildə BDU-nun 50 illik yubileyində o dövr üçün, kommunist rejimi üçün fövqəladə hadisə sayılan respublika rəhbərinin Azərbaycan dilində çıxışı ilə başlandı. Bu tarixi çıxış ziyalılara, bütün xalqa respublika rəhbərinin Azərbaycan dilinə qayğı və ehtiramı haqda bir xəbərdarlıq idi . Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini cəsarətlə, qətiyyətlə bildirirdi. Bu tarixi təşəbbüs sonralar milli özünüdərkdə müstəsna rol oynadı. Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur". Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir
Azərbaycan Prezidentinin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" 4 iyul 2001- ci il tarixli, 76 nömrəli sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2- də qüvvəyə minmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə sonsuz məhəbbəti mühüm rol oynayıb.