MİLLİ ORDUMUZUN 105 İL ƏVVƏL BAŞLAYAN ŞƏRƏFLİ YOU

MİLLİ ORDUMUZUN 105 İL ƏVVƏL BAŞLAYAN ŞƏRƏFLİ YOU

Rizvan Həmidov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktor müavini

105 il əvvəl Azərbaycan öz müstəqilliyini elan etdi və milli ordu quruculuğuna başladı. Qısa müddətdə o dövrün tələblərinə uyğun öz ordusunu yaratdı. Lakin o zaman müstəqilliyimiz uzun sürmədiyi kimi milli ordumuzun da mövcudluğu uzun çəkmədi. Azərbaycanda işğal nəticəsində yaranan Sovet rejimi ilə xalqımız  müstəqilliyi ilə bərabər öz milli ordusunu da itirdi.

Sovet hakimiyyəti dövründə sovet  rejimi çar Rusiyasından qalan bir ənənəni  müəyyən qədər davam etdirir, müsəlman xalqlarının nümayədələrini hərbi təhsildən  uzaq tutmağa çalışır, onların içərisindən zabit kadrları hazırlanmasına maraqlı deyildi. Moskva milli respublikalarda, ələlxüsus müsəlman respublikalarında milli hərbi kadrların hazırlanması yönündə cəhdləri qısqanclıqla qarşılayır və dəf edirdi. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi.

Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik edərkən bu məsələdən çox narahat idi, çünki gənclərin zabit peşəsindən uzaqlaşdırılmasının gələcəkdəki mənfi nəticələrini görürdü. Bunun qarşısını almaq üçün məqsədli tədbirlər gördü. Ulu Öndər çox çətin maneələri dəf edərək general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Eyni zamanda azərbaycanlı gənclərin Sovet İttifaqının digər hərbi məktəblərində oxuması üçün tədbirlər gördü. Məhz həmin hərbçilər Azərbaycan müstəqillik qazandıqdan sonra 90-cı illərdə milli ordu quruculuğuna öz töhfərinin verdilər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələr kimi, ordu quruculuğu böhran və çətinliklərdən keçdi. Dövrün məlum siyasi prosesləri, hakimiyyət böhranı, Qarabağda yaşanan ağır itkilər Silahlı Qüvvələri də iflas həddinə gətirmişdi. Dövlətin və onun ordusunun güclü liderə, komandana ehtiyacı vardı.

Məhz Heydər Əliyev 1993-cü ilin iyununda Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğu başlandı. Lakin bu prosesə fundamental şəkildə başlamaq üçün ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, ordu quruculuğunun şah damarı olan iqtisadiyyatın bərpası zəruri idi. Bütün bunlar yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra mümkün oldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı.

1994-cü ilin əvvəlində Füzuli rayonunun Horadiz qəsəbəsinin və 22 kəndin azad edilməsi Azərbaycan ordusunun güclənməsindən xəbər verirdi . 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bütün bu inkişafın, uğur və nailiyyətlərin ən başlıca səbəbi, ordu quruculuğuna, dövlətin müstəqilliyinə, xalqın milli maraqlarına sonsuz sədaqət və məhəbbət mücəssəməsi olan Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi idi.

1994-cü ildən 2003-cü ilə kimi ordu quruculuğunda qazanılan uğurlar Ilham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra yeni mərhələyə qədəm qoydu. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Ölkənin iqtisadi gücündən maksimum faydalanaraq Ali Baş Komandan ordumuzu müasir hərbi texnikalar ilə təchiz etdi, modernləşməni həyata keçirdi. Bununla da Azərbaycan Ordusu peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrildi.

Ordunun güclənməsi ilə yanaşı ölkədə xalqın vətənpərvərlik hissinin, döyüş əzminin hədsiz yüksəlişi baş verirdi. İstər 2016-cı il aprel döyüşlərində, istər 44 günlük Vətən müharibəsində dövlət-ordu-xalq birliyinin, xalqın orduya yardımının, könüllülərin döyüşə getmək, orduya kömək etmək istəyinin necə yüksək olduğunu müşahidə etdik.

Nəhayət 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi  zəfər əldə etdi.

Bu gün torpaqlarımızı işğaldan azad etmiş olsaq da ordumuzun güclənməsi davam edir. Cənubi Qafqazda uzunmüddətli, sabit sülhün yaranması  həm də dövlətimizin hərbi gücündən asılıdır. Hamının razılaşdığı bir gerçək var: sülh diplomatiyası o vaxt təsirli olur ki, onun arxasında düşmənin hesablaşdığı güc dayanmış olsun. Qədim bir latın deyimi var - “Sülh istəyirsənsə, müharibəyə hazır ol.” Bu  fikir bizim üçün indi çox aktualdır. Buna görə də biz vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu  quruculuğu sahəsində gördüyü tədbirləri bəyənirik və alqışlayırıq.

Qüdrətli, qalib Ordumuzla fəxr edirik. Allah hərbçilərimizi qorusun!