Milli Məclisdə bir çox partiyaların təmsilçilərinin varlığı önəm kəsb edir
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanda siyasi sistemin gücləndirilməsi və sabit inkişaf mühitinin möhkəmləndirilməsi sosial yönümlü dövlətin tam mənası ilə təşəkkül tapması üçün vacib şərtlərdəndir. Bu istiqamətdə aparılan işlərin əsasını qanunverici orqan olan parlamentin fəaliyyəti böyük mənada təsirləndirir və yönləndirir. Müxtəlif nəzər nöqtələrinin məhsulu olan fərqli təkliflərin müzakirəsi və ən doğru qərarların alınması üçün Milli Məclisdə bir çox partiyaların təmsilçilərinin varlığı önəm kəsb edir. VI çağırış Milli Məclisin fəaliyyətinin çoxpartiyalı parlamentin formalaşması şəraitində davam etməsi bu mənada daha səmərəli nəticələri ilə xarakterikdir.
VI çağırış Milli Məclisin rəhbərliyində müxtəlif partiyaların nümayəndələrinin iştirakı onu əvvəlki dövrlərdən fərqləndirən əsas cəhətlərdəndir. Belə ki, parlamentin rəhbərliyində və Milli Məclisin komitələrinin rəhbərliyində parlamentdə say etibarı ilə üstünlüyə malk olan Yeni Azərbaycan Partiyasından başqa digər partiyaların nümayəndələrinin təmsil olunması demokratikləşmə yolunda atılan inamlı addımlardan olmuşdur. Bu məsələ siyasi münasibətləri düzgün istiqamətdə inkişaf etdirmək, ümumilikdə dövlətin qüdrətinin və ölkənin rifahının yüksəldilməsi yolunda daha uğurlu nəticələr almaq üçün əhəmiyyətlidir.
Nəzərə alsaq ki, siyasi dialoqun alınması və mütəmadi müzakirələrin baş tutması üçün zəmin yaradılması vacibdir, o zaman Prezident Adminstrasiyasının nümayəndələrinin siyasi qüvvələrin rəhbərliyi ilə keçirilən görüşlərini təqdirəlayiq hesab etmək olar. Müşahidələr onu deməyə əsas verir ki, sonuncu parlament seçkilərindən sonra keçən dövr ərzində Azərbaycandakı siyasi mühit yeni pilləyə adlamış və sözügedən yeni mərhələ özünü siyasi islahatlarla təqdim etmişdir. Bu yöndə aparılan fəaliyyətlərdə və yeniliklərin tətbiqində özünü görə bilməyən bəzi qruplaşmaların görüşlərdən və müzakirələrdən imtina etməsi isə ölkə naminə ciddi və rasional fəaliyyətlərdən uzaq pozuculuğa xidmət etdiklərinin göstəricisi olmuşdur. Halbuki iqtidar partiyasının islahatlar kursunu irəli sürməsi və müxtəlif partiyaların bu mərhələdə iştirakını təşviq etməsi istənilən adekvat siyasi qüvvəni cəlb etməli idi. Lakin bütün bu qeyd olunanlar nəzərdə tutulmuş islahatların həyata keçirilməsinə əsla maneə törədə bilməzdi.
Keçən dövr ərzində aparılan konseptual və struktur islahatları onu göstərir ki, Azərbaycanda aparılan siyasi kurs özünü yeniləməkdə və daha müasir metodların tətbiqində qərarlıdır. İstər Prezident Adminstrasiyasının tərkibinin yenilənməsi, istər Nazirlər Kabinetinin fəaliyyətinin daha operativ şəkildə icrasının təmin olunması sadalananların həyata keçirilməsində mühüm rol oynamışdır. Yerli icra orqanlarında baş verən neqativ hallara reaksiyanın çevik və adekvat şəkildə baş tutması da bu istiqamətdə aparılan islahatlara dəstək xarakteri daşıyır.
Əsas işi qanunvericilik olan parlamentin qəbul etdiyi qərarların düzgün icrasına nəzarət də islahatların müsbət nəticələrinin daha aydın hiss olunmasında önəmli rol oynayır. Bu da öz növbəsində dövlətin daha möhkəm sütunlar üzərində qərar tutmasına, müstəqil siyasət yürütməsinə yol açır. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasətdə müstəqil mövqeyə sahib olması heç də bütün qüvvələr üçün xoş hadisə hesab olunmur. Elə bu səbəbdən də aparılan işlər informasiya cəbhəsində tez-tez əsassız iddialar və qeyri adekvat həmlələrlə üzləşir. Bu da öz növbəsində informasiya təhlükəsizliyi ilə bağlı qərarların qəbuluna ehtiyacı şərtləndirir.
Azərbaycan sosial dövlət olduğunu bu istiqamətdə atdığı addımları ilə nümayiş etdirir. Əmək haqlarının, minimum əmək haqlarının və pensiyaların mütəmadi olaraq yüksəldilməsi, vergi bazasının genişləndirilməsi və kölgə iqtisadiyyatının aradan qaldırılmasına yönəlmiş fəaliyyət sosial sahədə öz nəticələrini göstərməkdədir.
Gənclərin aparıcı sahələrdə təmsil olunması onlara göstəilən etimadla bərabər həm də gələcəyə hesablanmış kadr siyasətinin bir qoludur. Layiqli gənclərin yetişməsi də daim diqqətdə saxlanılan istiqamətlərdəndir. İstər gənclərin asudə vaxtlarının səmərəli təşkili, istər onların meyl və maraqlarının ölkəmiz, vətənimiz adına düzgün istiqamətdə inkişaf etdirilməsi günümüzün vacib prioritet məsələlərindəndir. Mövcud olan problemlərimizin məhz sərhədlərimiz daxilində həllinin təmin olunmasının vacibliyini, hansısa xarici qüvvələrin bu məsələlərə sadəcə xeyirxahlıq naminə müdaxilə etməsinin boş bir avantüradan başqa heç nə ifdə etmədiyini dərk edən gəncliyin yetişməsi sonrakı dövr üçün daha uğurlu nəticələri şərtləndirəcəkdir. Gənclərin mənəvi və fiziki sağlamlığının təmin olunması üçün də Milli Məclisin aidiyyatı komitələrinin fəaliyyəti əhəmiyyətlidir. Bizə Azərbaycan həqiqətlərini dünyaya təhrifsiz və əsaslandırılmış şəkildə təqdim etməyi və ümumi rifah naminə çalışmağı bacaran gənclər lazımdır.
Ümumikdə son illər ərzində beynəlxalq aləmdə daha əmin və inamlı bir mövqe nümayiş etdirən Azərbaycanın bundan sonrakı dövrdə də həm daxili həm də xarici siyasətindəki inkişafını davam etdirəcəyinə ümidlər böyükdür. Bu yolda enerjisini, əməyini və əzmini sərf edən hər kəsin fəaliyyəti sevindiricidir.