Macarıstan - dost ölkə, strateji tərəfdaş

Macarıstan - dost ölkə, strateji tərəfdaş
İxdiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında münasibətləri dəyərləndirməklə yanaşı əməkdaşlığın prespektivlərini də qeyd edib. Dövlət başçısı danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir çox məsələlər üzrə iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü bildirib. “Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.”
İki ölkə arasında əlaqələrdən bəhz edən Prezident İlham Əliyev Macarıstan şirkətlərinin Azərbaycanın əsas iki neft və qaz layihəsində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibi olduğunu qeyd edib. Dövlət başçısı gələn ilin əvvəlində növbəti müqavilələrin imzalanacağını bildirib. “Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq.”
Azərbaycanın ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başladığını, Macarıstanın tələbatı səviyyəsində qaz təminatını həyata keçirə biləcəyini qeyd edən Prezident İlham Əliyev bunun üçün ölkəmizin qaz resursları bazasının kifayət qədər geniş olduğunu bildirib. “Yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir.”
Macarıstanla yaşıl enerji üzrə fəal əməkdaşlıq edildiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın böyük miqyaslı yaşıl enerji gündəliyi olduğunu vurğulayıb. “Növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik”. ​Bu layihələr nəticəsində Azərbaycanın təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək imkan yaranacağını qeyd edən dövlət başçısı həmin qazın Türkiyə və Avropa ölkələrinə ixrac olunacağını bildirib. Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi Zirvə görüşü keçirildiyini bildirən Prezident İlham Əliyev birinci Zirvə görüşü 2024-cü ildə Şuşa şəhərində keçirildiyini xatırladıb. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarının Azərbaycan olduğunu bildirən dövlət başçısı estafeti alan Macarıstanı alqışlayıb. Macarıstanın müstəqil siyasət aparan nadir ölkələrdən biri olduğunu qeyd edən Prezident İlham Əliyev Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətin olduğunu bildirib. “Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var.”
Azərbaycanın dörd il yarım əvvəl müharibə aparan ölkə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistanın 30 illik işğalına son qoyulduğunu bildirib. Dövlət başçısı bildirib ki, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində başa çatmışdır. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldığını qeyd edən dövlət başçısı sülh müqaviləsinin mətninin Azərbaycan olduğunu bildirib. Sülh müqaviləsinin bağlanması üçün iki əsas şərt olduğunu vurğulayan Prezident İlham Əliyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının varlığına diqqət çəkərək bunun dəyişməli olduğunu bildirib. İkincisi şərtin isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməli olduğunu vurğulayan dövlət başçısı bu təsisatın de-fakto fəaliyyət göstərmədiyini qeyd edib. Ermənistanın bu iki şərtimi qəbul etmək istəmədiyindən təəssüf hissini bildirən Prezident İlham Əliyev bu təkliflərdə qeyri-adi heç bir məsələ olmadığını bildirib.
Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında münasibətləri yeni mərhələyə keçirərək, dostluğu və tərəfdaşlığı gücləndirəcəkdir.