Litva Prezidentinin Azərbaycana səfəri əlaqələrin inkişafı zəncirinin növbəti həlqəsi hesab oluna bilər

Litva Prezidentinin Azərbaycana səfəri əlaqələrin inkişafı zəncirinin  növbəti həlqəsi hesab oluna bilər
Səadət Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin direktoru

Ölkələri ittifaq adı altında işğalda saxlayan SSRİ-nin dağılmasından sonra müstəqil daxili və xarici siyasət yürütməyə başlayan dövlətlər aralarındakı münasibətləri yeni məcraya yönəldərək daha faydalı şəkildə formalaşdırmağa başladılar. Azərbaycan da bu istiqamətdə apardığı işlərlə dostluq və əməkdaşlığa olan maraqlarını ifadə etdi. Ölkəmizin suveren hüquqlarını ilk dövrlərdən tanıyan dövlətlərdən biri olan Litva ilə münasibətlər sonrakı vaxt ərzində daha da inkişaf etdi. 2007-ci ildə Litvanın Azərbaycanda və Azərbaycanın Litvada səfirliklərinin açılması bu inkişafın davamı olaraq qiymətləndirilir. Azərbaycanla iqtisadi, humanitar sahədə əlaqələrin qurulmasına və inkişafına xüsusi əhəmiyyət verdiyini nümayiş etdirən Litva dövləti ərazi bütövlüyümüzü tanıdığını və Ermənistanla Azərbaycan arasında yaşanan münaqişənin beynəlxalq hüquqi normalara uyğun, yəni Azərbaycanın sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini doğru hesab etdiyini dəfələrlə ifadə etmişdir.

Azərbaycanla Litva arasında ikitərəfli əlaqələrlə yanaşı BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, regional təşkilatlar çərçivəsində çoxtərəfli fəaliyyətlərin də mövcudluğunu xatırlayaraq bu iki ölkənin münasibətlrinin daha da irəliləyəcəyi barədə proqnoz vermək mümkündür. Avropa istehlakçılarının əlavə enerji resurslarına malik mənbələrə ehtiyacını nəzərə alaraq demək olar ki, ölkəmiz yaxın gələcəkdə bu sahədəki fəaliyyətini daha da genişləndirmək imkanını əldə edəcəkdir. Qeyd olunan istiqamətdə artıq donora çevrilmiş Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin etdiyi üçün ixracla bağlı fəaliyyətini genişləndirməkdə maraqlıdır. Bu səbəbdən Azərbaycan Cənubi Qafqazda əməkdaşlığa və birgə fəaliyyətə şərait yaradacaq əbədi sülhün bərqərar olmasını istəyir. Lakin Ermənistanın bütün bölgə üçün təhlükəli ola biləcək məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Bu səbəbdən regionda sabitlik üçün maneəyə çevriləcək hər bir addımın qarşısı vaxtında alınmalı, Azərbaycanın BMT nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğun təklif edilmiş 5 prinsipinin həyata keçirilməsi çərçivəsində sərhədlərin delimitasiyası başlanmalıdır.

Ərazilərin yenidən qurulması və canlandırılması mərhələsinə qədəm qoymuş Azərbaycan Avropa ölkələri ilə, o cümlədən də Litva ilə ticarət əlaqələrini genişləndirmək, yeni əməkdaşlıq formatlarını gerçəkləşdirmək üçün sabitlik və əminamanlıq şəraitini təmin etməkdə maraqlıdır. Bu əlaqələrin inkişafı istiqamətində atılan addımlar ölkə başçılarının işgüzar səfərləri və bu səfərlər çərçivəsində müəyyən olunan hüquqi-müqavilə bazası ilə nümayiş olunur. Litva Prezidenti Gitanas Nausedanın mayın 18-də Azərbaycana səfər etməsi əlaqələrin inkişafı zəncirinin növbəti həlqəsi hesab oluna bilər. Ölkə başçısı İlham Əliyevin Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda iştirakının da yeni işgüzar əlaqələrin qurulmasına öz töhfəsini verəcəyinə şübhə yoxdur. Əsas mövzusu qida sənayesi, enerji və bərpa olunan enerji mənbələri, dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olan forum əməkdaşlıq üçün sənədlərin imzalanması ilə nəticələnmişdir. Biznes mühiti investorlar üçün əlverişli olan ölkəmizə yeni iqtisadi baxışların cəlb olunması hər iki tərəfə sərfəli fəaliyyətlər üçün zəmin yaradacaqdır.

Azərbaycanın uğurlu siyasi münasibət, uzunmüddətli dostluq və  sərfəli iqtisadi tərəfdaşlıq üçün uyğun bir dövlət olması artıq dünya səviyyəsində qəbul olunmuş bir gerçəkdir.