Laçının azad olunması hərbi və diplomatik sahədə qazandığımız ən böyük zəfərlərimizdəndir

Laçının azad olunması hərbi və diplomatik sahədə qazandığımız ən böyük zəfərlərimizdəndir

Ölkəmizin qərbində, Kiçik Qafqazda yerləşən dilbər guşəmiz olan Laçın rayonu 18 may 1992-ci il tarixindən düşmən tapdağı altında idi. Bu rayonun coğrafi mövqeyi, təbii iqlim şəraiti burada istər turizm sahəsi üzrə, istərsə də kənd təsərrüfatı sahəsində mühüm işlər görməyə imkan verir.

Əfsuslar olsun ki, 30 ilə yaxın müddət ərzində mənfur düşmən bu münbit torpaqlardan, mövcud potensialdan nəinki səmərəli istifadə etməmiş, yetərincə ziyan vurmuş, mədəni tarixi irsimizə hörmətsiz yanaşmış, bu və ətraf əraziləri xarabalığa çevirmişlər.

Uzun müddət ərzində törədilən vəhşiliklərə, ətraf mühitə vurulan ziyana baxmayaraq Laçın rayonu işğaldan azad olunduqdan ay yarım sonra Cənab Prezidentimizin göstərişi ilə Həkəri çayı üzərində 7000 nəfər əhalini elektrik enerjisi ilə təmin etmək iqtidarında olan, 8 MVt gücündə Güləbird su elektrik stansiyası istismara verilmiş, həmçinin bir sıra kiçik su elektrik stansiyalarında da təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Bu məsələləri eyni zamanda Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində qeyd olunan “Təmiz ətraf mühit və Yaşıl artım ölkəsi” prinsiplərində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan addım kimi göstərmək olar.

Laçın rayonunun infrastrukturu, təbii iqlim şəraiti və zəngin bərpa olunan enerji potensialına malik olması burada turizm və kənd təsərrüfatına yeni nəfəs qatmasıyla yanaşı, energetika sahəsinə təsirsiz ötüşməyəcək və yaxın gələcəkdə digər işğaldan azad olunmuş torpaqlarımızla birlikdə milli iqtisadiyyatımıza reinteqrasiya etmiş olacaq. Bu prioritetlərə nail olmaq üçün atılan addımlar və bir çox həllini tapmış məsələlər, təbii ki, Cənab Prezidentimizin dolğun prinsiplərinin, yürütdüyü düzgün siyasətin nəticəsidir. Məhz bu siyasətin, bu prinsiplərin sayəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonu da bir güllə belə atılmadan və ən əsası heç bir itki verilmədən 1 dekabr 2020-ci il tarixində işğaldan azad olundu.

Torpaqların işğaldan azad olunması, sərhədlərimizin bərpası son əsrdə hərbi və diplomatik sahədə qazandığımız ən böyük zəfərimizdir. Yaxın gələcəkdə əhalinin bu torpaqlara qayıdışı, təhlükəsiz yaşamı və dayanıqlı məskunlaşması təmin olunacaq, əhali üçün zəruri xidmət sahələrinin əlçatanlığı, digər regionlarımız kimi komfortlu yaşayış səviyyəsi bərpa olunacaqdır.

Cənab Prezidentimiz öz çıxışında bu ərazilərin cənnət məkan olmasını və tezliklə abadlaşdırılacağını, öz əsrarəngiz gözəlliyinə qovuşacağını qeyd etmişdir. Biz də öz növbəmizdə bu məsələlərə laqeyd yanaşmamalı, bu zəfəri bizə bəxş edən, ölkəmizin dünya arenasında beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinin başlıca səbəbkarı olan ulu öndərimiz Heydər Əliyev cənablarının prinsiplərinin, ideologiyasının layiqli davamçısı olan Cənab Prezidentimiz İlham Əliyevin siyasətini daim dəstəkləməli, var qüvvəmizlə dayaq olmalı və bu istiqamətdə “Dəmir yumruq” kimi həmrəy olmalıyıq.

Ayaz Mehdiyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri