Kəlbəcər torpaqları işğaldan azad edildikdən sonra sürətlə inkişaf edir
Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti 2020-ci il noyabrın 25-i Azərbaycanın şanlı tarixinə Kəlbəcərin işğaldan azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi.
Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər nəticəsində strateji yüksəkliklərin götürülməsi həmin istiqamətdə erməni silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırmaq imkanı yaratdı.
Əks-hücum əməliyyatının tərkib hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi, amma qalan əksər hissəsi Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad oldu. Kəlbəcər zəngin təbii sərvətləri, sonsuz nemətləri və füsunkar təbiəti olan regiondur. Rayonun relyefi, əlverişli iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafı üçün geniş imkanlar yaradır.
Kəlbəcər torpaqları işğaldan azad edildikdən sonra sürətlə inkişaf edir. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev Kəlbəcər rayonunun sakinləri ilə görüşündə bildirdi ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir: "Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək.
Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb.
İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar. Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz".
Bir zamanlar hər bir Azərbaycan vətəndaşının ən böyük arzusu olan azad Qarabağ artıq reallıqdır. Bu gün kəlbəcərlilər böyük təntənə ilə doğma yurda qovuşmağın sevincini yaşayırlar. Kəlbəcər səhərində müasir infrastruktur yaradılır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir.
Kəlbəcər sakinləri burada ən yüksək həyat şəraiti ilə təmin edilirlər.
Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması xalqımızın həmrəyliyini, ordumuzun gücünü və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Hər birimiz Vətənimizlə qürur duyuruq. Yaşasın müstəqil Azərbaycan!!!