Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, II Qarabağ müharibəsi qazisi
Aprel ayının 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib. Konqo Respublikasının Prezidenti Azərbaycana ilk dəfədir ki, rəsmi səfər edir. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri baş tutub. Qeyd edək ki, Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir. Bu ölkə inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməsi hər iki tərəfin iqtisadi inkişafında müsbət rol oynayacaqdır. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub. İlham Əliyev və Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu, iki ölkənin neft şirkətləri "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı, İki ölkənin ekologiya nazirlikləri arasında "Ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu"nu imzalayıblar.
Göründüyü kimi, Konqo Prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. İstər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var. Hələ SSRİ dövründə Afrika ölkələrindən olan çoxlu sayda tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Azərbaycan pandemiya dövründə Afrika ölkələrinə dəstək verib, ikitərəfli münasibətləri inkişaf etdirib. Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır. Qeyd edək ki, Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən olduqca müsbət qarşılanır və dəstəklənir. Hətta Fransanın ənənəvi aktiv olduğu Afrika regionunda da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bunlardan biri də məhz Konqodur.
Regionda aparıcı faktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.