Şahin Seyidov
YAP Suraxanı rayon təşkilatının üzvü
Bakı şəhəri 84 nömrəli tam orta məktəbin müəllimi
İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış “Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike” əsasında qurulmuşdur.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib. Konqo respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri mühüm önəm kəsb edir. Bu səfər iki ölkə arasında əlaqələrin bundan sonrakı inkişafında vacib əhəmiyyətə malikdir. Keçirilən görüşlər, aparılan müzakirələr səfərin zəngin xarakterə malik olduğunu göstərir. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub.
İlham Əliyev və Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq”, - deyə İlham Əliyev söyləyib. “ Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir. Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər dörd il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib”, - deyə Cənab İlham Əliyev bildirib.
Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizənin xüsusi yer alması ölkə başçılarının birgə mətbuat konfransında toxunduğu məsələlər sırasında olub. Beynəlxalq səviyyəli bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləməkdən ibarətdir. Burada əsas vacib amil həmin xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdən ibarətdir.
Azərbaycanın Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrində olduğu da vurğulanıb. İlk növbədə, kənd təsərrüfatı sahəsində, həmçinin bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün perspektivlər var. Sözsüz ki, atılan bu addımlar strateji əməkdaşlıq üçün də başlıca zəmin yaradır. Qarşılıqlı səfərlərin bu xüsusda əhəmiyyəti olduqca böyükdür.
Prezident Ilham Əliyev bildirib ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində: “Bərpa olunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”.
Həm tarixi, həm də çağdaş dünyanın tələbləri baxımından Azərbaycan Respublikasının Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurların Afrika ölkələrinin də marağına səbəb olub İndi qarşılıqlı əməkdaşlığın üfüqlərini genişləndirməyin vaxtıdır. Vaxtilə sovet dövründə Konqodan olan tələbələrin Azərbaycanda ali məktəblərdə təhsil alması da əlaqələrin və iki ölkə arasında olan münasibətlərin dünəndən, bu günə vacib bir yol keçdiyini deməyə əsas verir.