Kəlbəcər Azərbaycanın ayrılmaz bir hissəsidir

Kəlbəcər Azərbaycanın ayrılmaz bir hissəsidir

Elnur Hüseynov

YAP Suraxanı rayonu təşkilatının fəal üzvü

Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin direktoru

Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər 8 avqust  1930-cu ildə inzibati rayon statusu almışdır. Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “Kevliçer”-çay üstündə qaya deməkdir. Kəlbəcər ərazisində 30 mindən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri ,çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcər 1993-cü il aprel ayının 2-də q’sbkar Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Həmin vaxt 60 min Kəlbəcər sakini təxliyə edilmişdir.

Prezident İlham Əliyev çıxışlarında Kəlbəcər rayonunun işğalını böyük faciə adlandırmışdı. Azərbaycan xalqı Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü səbirsizliklə gözləyirdi. Kəlbəcər ərazi baxımından ən böyük rayonlarımızdan biri olmaqla yanaşı  sənaye əhəmiyyətli təbii sərvətlərlə zəngindir. Ərazidə yerləşən təbii müalicəvi su yataqlarından sayılan Yuxarı İstisu, Aşağı İstisu, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi müalicəvi yataqlarımız məhz bu rayonun ərazisində yerləşir.

27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə dövründə 300 yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad edildi. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri  Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir  Putin arasında  münaqişə bölgəsində atəşin dayandırılması haqqında Üçtərəfli bəyannamə imzalandı. Bu bəyannaməyə uyğun olaraq noyabrın 20- də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarıldı. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün beynəlxalq qətnamələri faktiki olaraq məhz özü hərbi -siyasi yolla yerinə yetirdi.

 Kəlbəcər rayonu noyabrın 10-da imzalanmış qətnaməyə əsasən qeyri-şərtsiz noyabrın 15-nə qədər tərk edilməli idi. Lakin Rusiya dövlətinin xahişi ilə Ermənistana Kəlbəcəri tərk etməyə 10 gün əlavə möhlət verildi. Kəlbəcər nəhayət ki, 27 illik işğaldan sonra öz sahiblərinə qovuşdu. Kəlbəcərin döyüşsüz azad olunması bizim ən böyük zəfərimiz, ermənilərin isə ən böyük rüsvayçılıqlarının göstəricisi oldu. Ermənilərin meşələrə od vurması, suları çirkləndirməsi onların vandalizminin bariz nümunəsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün ermənilər Kəlbəcəri təhlükəsiz tərk etdiyi halda, 1993-cü ildə azərbaycanlılar zorakılıqla, ayaqyalın şəkildə erməni təcavüzündən xilas olmağa çalışıblar. Erməni işğalı nəticəsində Kəlbəcərin 500-dən artıq dinc sakini həlak olub, yüzlərlə insan girov və ya itkin düşmüşdür. Bu baş verənlər Azərbaycanla Ermənistan arasında fərqi anlamaqda önəmli göstəricidir.

Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox böyük gəlir vermək imkanlarına malik olan bir rayondur. Sözü gedən bölgə işğaldan azad olunandan sonra möhtərəm Ali baş Komandan İlham Əliyev cənabları Kəlbəcər rayonunda quruculuq-bərpa işlərinin aparılmasına dair sərancam imzaladı. Bu sərəncama uyğun olaraq dövlət başçımız İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Toğanlı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlini qoyudular. Yeni kiçik su elektrik stansiyasının tikintisinə start verildi. Daşkəsəndən keçməklə Kəlbəcərə elektrik xətti çəkildi. Bütün bunlar onu göstərir ki, Kəlbəcərdə həyat bərpa edilir və biz əzəli torpaqlarımıza qayıdırıq. Bu duyğuları bizə yaşadan, Azərbaycan torpaqlarını qarış-qarış bizə qaytaran başda Ali Baş Komandanımız İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna borcluyuq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!