İtaliya Baş nazirinin İrəvandan dərhal sonra Bakıya gəlməsi...

İtaliya Baş nazirinin İrəvandan dərhal sonra Bakıya gəlməsi...

Tural İsgəndərli 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin Xarici əlaqələr şöbəsinin mühəndisi

Qarşılıqlı səfərlər Bakı ilə Roma arasındakı siyasi dialoqun ən yüksək səviyyədə olduğunun təsdiqidir. Ölkələrimiz arasındakı strateji münasibətlər həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanır. İki ölkə arasındakı əlaqələr sadəcə regional əhəmiyyət kəsb etmir, həm də Avropanın enerji təhlükəsizliyi və iqtisadi arxitekturasında həlledici rol oynayan strateji tərəfdaşlıq modelinə çevrilib. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasındakı münasibətlər bu gün özünün ən yüksək inkişaf mərhələsini yaşayır.

İmzalanmış rəsmi sənədlərdə təsbit edilmiş prinsiplər bu gün yalnız kağız üzərində deyil, real iqtisadi-siyasi proseslərdə öz bariz əksini tapmaqdadır. Bu tərəfdaşlığın hüquqi və siyasi əsasları 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair iki fundamental bəyannamə ilə möhkəmləndirilmişdir.

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana gerçəkləşdirdiyi səfər iki ölkə arasındakı siyasi əlaqələrin dərinliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bu səfərin xüsusi rəmzi məna daşıdığını vurğulayaraq qeyd etmişdir ki, xanım Baş nazirin Ermənistandakı proqramını tamamladıqdan dərhal sonra Bakıya gəlməsi Azərbaycana göstərilən dərin hörmətin və xoş münasibətin göstəricisidir.

Keçən ilin yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsinin təxminən 12 milyard dollar təşkil etməsi bu əlaqələrin miqyasından xəbər verir. Bu rəqəm təkcə enerji resurslarının satışı ilə deyil, həm də qeyri-neft sektoru, sənaye və xidmət sahələrindəki dinamik əməkdaşlıqla formalaşır. İqtisadi sahədə İtaliya uzun illərdir ki, Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı statusunu qoruyub saxlayır.

İndiki vəziyyətdə Azərbaycanda İtaliyanın 130-a yaxın şirkəti uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev bu sayın gələcəkdə daha da artmasında maraqlı olduğumuzu bildirərək, italyan investorları üçün ölkəmizdə əlverişli biznes mühitinin olduğunu diqqətə çatdırmışdır.