Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
İsrail dövlətinin Prezidenti İsxak Hersoqun may ayının 30-da Azərbaycan Respublikasına dövlət səfəri hər iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərin inkişafına xidmət edir. Azərbaycanın yaxın tərəfdaş ölkələrindən biri olan İsrail arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmət və ehtiramla yanaşıblar. Məlumdur ki, Azərbaycanda Yəhudi icması əsrlər boyu yaşayıb və bu icmanın üzvləri ölkəmizin müasir inkişafına çoxlu töhfə verən insanlardır. Son illər ərzində isə münasibətlərdə xüsusi dinamika müşahidə olunur. Əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması ticarət dövriyyəsinin və investisiyaların artması qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi bunun bariz nümunəsidir.
Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq əlaqələri vardır. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Ticarət dövriyyəsinin şaxələndirilməsi növbəti illərdə qarşıda duran məqsədlərdəndir. Yaxın gələcəkdə ölkələr arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasim sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, iki ölkə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir. Uzun illərdir ki, bu sahədə Azərbaycanın İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütölüyümüzü müdafiə etməyə imkan yaradır. Vətən müharibəsi günlərində İsraildən alınan silahlar və digər avadanlıqlar özünü ən yaxşı tərəfdən göstərmişdir.
Səfər çərçivəsində dövlətlərarası münasibətlərdə, müxtəlif sahələrdə sənədlər imzalandı, əməkdaşlığın, tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məsləhətləşmələr aparıldı. Əlbəttə ki, cənab Prezidentin, eləcə də jurnalistlərə bəyanatında İsrail Prezidentinin söylədiyi fikirlər onu deməyə əsas verir ki, bu dövlətlər bir çox beynəlxalq tədbirlərdə, bir çox beynəlxalq tribunalarda bir-birlərinin mövqelərini və bir-birlərinin haqq, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər.
Həmçinin səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalandı, bu da dövlətlərarası münasibətlərin gələcək inkişafında mühüm perspektivlər yaradacaq.
İsxak Hersoqun Azərbaycan Respublikasına dövlət səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Bu bir daha sübut edir ki, Azərbaycanla İsrail arasında münasibətlərin daha da yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də dostluq və qardaşlığın yüksəldilməsi baxımından çox dəyərlidir. Bu səfər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi genişlənməsi işlərində mühüm əhəmiyyət kəsb edir və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan olacaqdır.