İşıq saçan ömür-Zərifə xanım Əliyevanın unudulmaz xatirəsi
İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Akademik Zərifə Əliyevanın anım günü – 15 aprel Azərbaycan elmi və səhiyyəsi üçün dərin mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarixdə görkəmli alim-oftalmoloqun zəngin həyat yolu, elmi fəaliyyəti və yüksək insani keyfiyyətləri bir daha ehtiramla xatırlanır. Zərifə Əliyeva ömrünü Azərbaycan səhiyyəsinin inkişafına həsr etmiş nadir şəxsiyyətlərdən biri idi. Onun elmi tədqiqatları xüsusilə traxoma infeksion xəstəliyinə qarşı mübarizə sahəsində mühüm nəticələr vermiş, eyni zamanda qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində apardığı araşdırmalar oftalmologiya elminə dəyərli töhfələr bəxş etmişdir. Alimin hazırladığı müalicə metodları respublikanın müxtəlif bölgələrində geniş tətbiq olunmuşdur.
1967-ci ildə o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent kimi fəaliyyətə başlamış, burada həm elmi, həm də pedaqoji sahədə mühüm uğurlar qazanmışdır. Zərifə xanım milli kadr hazırlığı prosesində fəal iştirak etmiş, çoxsaylı gənc həkim və alimlərin yetişməsində böyük rol oynamışdır. Onun elmi maraqları yalnız bir sahə ilə məhdudlaşmamış, tibbin müxtəlif istiqamətlərini əhatə etmişdir. Fundamental tədqiqatları və elmi əsərləri Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təkan vermişdir. Bu xidmətlərinə görə o, M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın olmuşdur.
Zərifə Əliyeva yalnız böyük alim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan idi. Onun şəxsiyyəti haqqında ümummilli lider Heydər Əliyev belə deyirdi: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu.”
Ulu öndər eyni zamanda onun ailə həyatındakı rolunu da xüsusi vurğulayaraq qeyd edirdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna görə mən xoşbəxt olmuşam... ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam.”
Prezident İlham Əliyev isə Zərifə xanımın həyat fəlsəfəsinə toxunaraq deyirdi: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir.” Dövlət başçısı onun son günlərini xatırlayaraq belə qeyd etmişdir: “Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır.”
Akademikin adı bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə əbədiləşdirilmişdir və bu tibb ocağı onun elmi irsini yaşatmaqda davam edir.
Zərifə xanım Əliyevanın həyatı Azərbaycan qadınının mənəvi ucalığının, alim zəhmətinin və insanpərvərliyin parlaq nümunəsidir. 15 aprel anım günündə onun xatirəsi dərin ehtiramla yad olunur, elmi və insani irsi gələcək nəsillərə örnək olaraq yaşayır.