“İrəli” əmrini Azərbaycan xalqı səbirsizliklə gözləyirdi
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Ərazi bütövlüyümüzün bərpa olunması cənab Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların yalnız bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. İqtisadi amil ölkənin qüdrətini artırdı. Vətən müharibəsində düşmən üzərində qalibiyyətdən sonra Azərbaycanın tarixində yeni səhifə açıldı. Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış ərazilərdə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə yenidənqurma işləri gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən bərpası, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır.
Avropa dövlətləri riyakarlıq göstərərək 30 il müddətində Azərbaycana qarşı ədalətsiz mövqe tutmuşlar. Cənab Prezident İlham Əliyevin Beynəlxalq təşkilatlardakı qətiyyətli çıxışları Azərbaycanın haqlı olduğunu inandırmışdır. Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmadığını gördükdə müharibə qaçılmaz oldu. Ermənistan rəhbərliyinin Azərbaycana qarşı tutduğu mövqe və cəbhə boyunca tez-tez törədilən silahlı münaqişələr Azərbaycanın səbr kasasını daşırdı. Ali baş komandan İlham Əliyev cənablarının 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu əks-hücum əməliyyatları əmri Azərbaycanı tarixi qələbəsinə apardı. Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmrini Azərbaycan xalqı səbirsizliklə gözləyirdi.
44 günlük müharibə Azərbaycan ordusunun və xalqının gücünü bütün dünyaya əyani şəkildə sübut etdi. Talışı, Suqovuşanı, Murov dağının bir neçə yüksəkliyini erməni işğalından azad edən Azərbaycan Ordusu tezliklə Cəbrayılı, Füzulini, Hadrutu, Ağbəndi, Zəngilanı, Qubadlını, Daşaltını, Xocavəndin, Laçının və Xocalının bir neçə kəndini düşmən tapdağından qurtardı, onları yenidən azadlığına qovuşdurdu. Zəfər dalınca Zəfər, Qələbə dalınca Qələbə yaşandı, yaşatdı Azərbaycan Ordusu, Azərbaycan Əsgəri, İgid, Qəhrəman Azərbaycan oğulları. Nəhayət həsrətdən, nisgildən sonra, Ölkə Prezidentinin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən noyabr ayının 8-də göz bəbəyimiz Şuşa işğaldan azad olundu. Bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəfər Ordumuzun gücünün, rəşadədtli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir! Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinin şanlı səhifəsi kimi daim tarixdə qalacaqdır.
Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi düşmənə, nəhayət, bir dərs oldu. Paşinyan və onun terror komandasının məhv edilməsi ilə həm də Ermənistanın əvvəlki rəhbərliklərinin də Qarabağ xülyaları puç oldu. Bütün bunlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi sayəsində və güc və həmrəylik rəmzi olan dəmir yumruq kimi öz lideri ətrafında birləşmiş xalqın qəhrəman övladlarının canı-qanı bahasına başa gəlmişdir.
44 günlük Vətən müharibəsində Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında oldu. Dünya ictimaiyyəti növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olduğuna şahidlik etdi. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə möhtəşəm Zəfər paradında da xalqımızın yanında oldu, fərəhini bölüşdü, Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırdı.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü bu il noyabrın 8-də ilk dəfə qeyd ediləcəkdir. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır.
Bir daha Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!