İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq

İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi  ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq

Nərgiz Mehdiyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

SOCAR-ın Sənayedə Təhlükəsizlik İdarəsinin əməkdaşı

Bildiyimiz kimi, sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə edib. Səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət edəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərin tarixində önəmli hadisədir və Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

Naxçıvan Azərbaycanın qədim diyarıdır. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. 2020 –ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinədair anlaşma memorandomu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022 –ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. 

Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına  dair 2023-2027–ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97.5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin 17.5  km, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki,bununla da Naxçıvanın qaza təlabatı tamamilə ödəniləcək.

Qeyd edək ki,  İğdır – Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının  şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi  ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq. Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlar mövcuddur.

Ermənistanla münasibətlərdən söhbət açan Prezident İlham Əliyev vurğuladı ki, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik. Bundan başqa cari ilin sentyabrın 19-da erməni separatçılarına qarşı 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.

Artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanmışdır. Yanacaq - neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Eyni zamanda, Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək.

Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələr və əməkdaşlıq bütün sahələrdə gücləndirmək üçün fəaliyyət davam edir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək.