Hər il sentyabrın 20-i Azərbaycan Respublikasında "Dövlət Suverenliyi Günü" kimi qeyd edilir

Hər il sentyabrın 20-i Azərbaycan Respublikasında "Dövlət Suverenliyi Günü" kimi qeyd edilir

Həqiqət Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri   

Ölkə Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il sentyabrın 20-i Azərbaycan Respublikasında "Dövlət Suverenliyi Günü" kimi qeyd edilir. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu tarixi hadisənin əhəmiyyəti nəzərə alınaraq 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib.

Azərbaycan dövlətinin suverenliyinin tam bərpa edilməsi, ərazi bütövlüyümüzün təmin olunması Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, dəmir yumruq kimi birləşən xalq-ordu həmrəyliyinin təzahürüdür.

Dövlət Suverenliyi Günü təqvimdə sadəcə bir tarix deyil, həm də dərin mənəvi-siyasi məna daşıyan təsisatdır.  Bu gün gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Vətənə sədaqət hissinin gücləndirilməsində mühüm rol oynayır. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən  dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır.

Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir.

Güclü iqtisadiyyat, dayanıqlı dövlət institutları, müasir ordu, yüksək texnologiyalar, sosial rifah və beynəlxalq müstəvidə artan nüfuz suverenliyimizi möhkəmləndirən əsas amillərdir. Bu gün hər birimiz dərk etməliyik ki, dövlət suverenliyi yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Dövlətçiliyə bağlılıq, qanunlara hörmət, milli həmrəylik və Azərbaycanın inkişafına töhfə vermək suverenliyimizin gündəlik həyatda yaşadılmasının ən mühüm göstəriciləridir.

Paylaş