Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir
Baba-zadə Dadaş
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 89 nömrəli məktəbin direktoru
Hər bir millətin varlığının əsas şərtlərindən və göstəricilərindən biri, qürur mənbəyi onun ana dilidir. Dil hər bir xalqın varlığının yeganə təminatçısı kimi onun milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülməsində mühüm rol oynayır.
Ulu Öndərimiz Heydər Əliyev deyirdi: ” İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq edilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.Ona görə də ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı,daim qayğı ilə əhatə etməlidir. “
Bu gün müstəqil ölkəmizin rəsmi dövlət dili Azərbaycan dilidir və heç kəsə sirr deyil ki ,bu məsələ birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu dil ən uca, mötəbər kürsülərdən bağımsız dövlətimizi təmsil edən Vətən dilidir. Bu dil dünyanın müxtəlif ölkələrində bayrağımızı dalğalandıran, qəlbi qələbə hissindən qürurla döyünən idmançı gənclərimizin sevincinə şərik olaraq təntənə ilə səslənən himnimizin dilidir.
Dilimizə olan yüksək qayğı bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Başçısı 13 yanvar 2004 -cu ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzaladı. Bu sərəncama əsasən klassik və müasir Azərbaycan və dünya ədəbiyyatının əvəzsiz incilərinin latın qrafikası ilə yenidən nəşrinə başlandı.
Ölkələrarası iqtisadi əlaqələr genişləndikcə dilimizə daxil olan söz axınını nəzərə alan hörmətli Prezidentimiz İlham Əliyev 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə. İnkişafına dair Dövlət proqramı” haqqında sərəncam verdi. Bu sənəddə Azərbaycan dilinin mənşəyi ilə bağlı davam edən yalnış konsepsiyaya son qoyulmuş, tarixi faktlara əsaslanaraq Azərbaycan dilinin inkişafı üçün istiqamətlər qeyd olunmuşdur.
“Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi xalq, millət kimi qoruyub.
Hər bir dilin qoruyucusu və daşıyıcısı onu təmsil edən xalqdır. Məhz bu mühüm amili nəzərə alaraq, hər bir Azərbaycan vətəndaşı millətimizin varlığı və qürur mənbəyi olan dövlət dilini ürəkdən sevməli, sevdirməli və bu dildə danışmağı ilə fəxr etməlidir.