Hər bir azərbaycanlının Prezidenti - İlham Əliyev
Südabə Yaqubova
Suraxanı Tİbb Mərkəzinin direktor müavini
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını diqqətə çatdırdı: “Üzümü Sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi Ulu öndər Heydər Əliyevin strateji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi.
Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir.
Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişafı ilə dünyada lider mövqeyini qoruyub saxlaması məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün oldu.
Dövlət başçısı son illərdə ən çətin, ekstremal vəziyyətlərdə yüksək iradə və prinsipiallıq nümayiş etdirərək dövlətçiliyə yönəlmiş qəsdləri qətiyyətlə zərərsizləşdirib, eyni zamanda, liberal dəyərlərə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadiqliyini hər zaman qoruyub saxlayıb.
Prezident İlham Əliyev daim vurğulayır ki, ölkənin inkişafının yeganə düzgün yolu demokratiyadır. Lakin demokratiya davamlı və sərhədləri görünməyən prosesdir. Əgər demokratiya tarixi təkamül və mübarizə nəticəsində təbii olaraq reallaşmırsa, ona kənar təsirlər, modellər və diktələr hesabına siyasi rejimlər, ideologiyalar sırınırsa, əldə olunan "uğurlar" da keçici mahiyyət daşıyır.
Bu gün Azərbaycanda zaman islahatların və demokratik inkişafın xeyrinə işləyir. Ötən illərdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar cənab İlham Əliyevin ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər.
Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunub adı qondarma "siyasi məhbus" siyahısından çıxmayan cinayətkarların əfv edilməsi böyük qəlbin və humanizmin nişanəsi, cəmiyyətdə iqtidar əleyhinə qeyri-sivil mübarizəni dövlət və dövlətçilik əleyhinə müharibəyə çevirən insanlara milli barış mesajıdır.
Kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin olunması, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi də milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış addımlardır.
Hökumətin xalq qarşısında hesabat verməsi idarəçilikdə dəyərli ənənə kimi formalaşdı. Dövlət rəhbəri öz komandasında təmsil olunan şəxslərlə səmimi, qarşılıqlı hörmətə əsaslanan rəftarın tərəfdarıdır. Amma bütün bunlar nöqsanlarla müşahidə olunursa, Azərbaycan Prezidentinin yetərincə sərt qərarlarını, qəti addımlarını da inkar etmir. Cənab İlham Əliyevin fəaliyyətində nəzərə çarpan ciddi nizam-intizamı, məsuliyyət hissini hər an görmək mümkündür.
Azərbaycan Prezidenti xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla daim görüşür, onlarla səmimi söhbətlər edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edir. Dövlət başçısı bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacarır. Bu isə dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırdı, ona böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı verdi.
Hələ 2003-cü ildə andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" - deyən cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinə necə sadiq olduğunu ötən müddətdə tam təsdiqlədi.
Bütün bunlar qəti şəkildə deməyə əsas verir ki, İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Dövlət başçısı yeni dövrdə çoxşaxəli islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir. Bu siyasi kursun davamlılığının təmin olunması isə Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.