GÜLLÜ YOLOĞLU
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
AMEA-nın şöbə müdiri, tarix elmləri doktoru
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması, inkişafı yönündə əvəzsiz xidmətlər göstərmiş, xalqın milli düşüncəsinin düzgün istiqamətini müəyyənləşdirmiş, dəyərlər sistemini qloballaşmanın təsirlərindən qorumağa çalışmış, bazar iqtisadiyyatı yolunu tutmuşdur.
Azərbaycan zəngin karbohidrogen resurslarını mühüm və etibarlı beynəlxalq əməkdaşlıq predmetinə çevirərək özünün və tərəfdaşlarının enerji təhlükəsizliyini təmin edən, geniş tranzit imkanlarından yararlanaraq regionda ən müxtəlif iqtisadi layihələrə təkan verən əsas ölkə, Ulu Öndər Heydər Əliyev isə bu layihələrin həyata keçirilməsi üçün, sözün əsl mənasında, keçmişdə Rusiya və Persiya, SSRİ və İran arasında imzalanan sazişlərdən doğan iddialarla mübarizə aparan və qalib gələn ilk milli liderdir.
1992-ci ildə SSRİ dağıldıqdan sonra Xəzər ətrafında SSRİ-nin tərkibindən çıxmış dörd yeni müstəqil dövlət və bununla da Xəzər dənizinin təbii enerji qaynaqlarının, bioresurslarının istifadəsi, hövzədə dövlətlərarası münasibətlərin qurulması, idarə olunması və bu kimi digər mühüm geostrateji məsələlərdə fərqli təklif və mülahizələr ortaya çıxır. Əsas fikir ayrılığı İran, Rusiya və Azərbaycan arasında müşahidə olunur. Çünki elə Xəzər hövzəsində transmilli enerji layihələri ilə bağlı ilk təklif də Azərbaycandan gəlmişdir.
Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, əhalisinin maddi rifahının yaxşılaşması, iqtisadiyyatın gücləndirilməsi üçün bölgənin yeraltı və yerüstü sərvətlərindən sərbəst istifadə etməsi lazım idi. Lakin 1921-ci ilin 26 fevralında Rusiya ilə Persiya, 25 mart 1940-cı ildə isə SSRİ ilə İran arasında bağlanan beşinci və altıncı müqavilələrə uyğun olaraq Xəzər dənizində yalnız Rusiya və İran gəmi saxlaya, sərbəst üzə və balıqçılıqla məşğul ola bilərdilər. Müqavilədə SSRİ-nin Xəzərdəki payı 86%, İranınkı isə 14% müəyyənləşmişdir. SSRİ daxili siyasətinə uyğun olaraq Xəzər dənizinin ona aid olan 86%-lik ərazisini milli təsərrüfat işləri və digər məqsədlər üçün 1970-ci ildə dörd xəzərətrafı respublika arasında – Rusiya (19%), Qazaxıstan (29%), Azərbaycan (21%) və Türkmənistan (16%) olmaqla milli sektorlara bölmüş, hər bir müttəfiq respublikanın dəniz ərazilərini (sektorlarını) müəyyən etmişdir.
Məhz Ümummilli Lider Heydər Əliyev Rusiyanın istinad etdiyi və beynəlxalq hüquqi əsası olmayan heç bir “öhdəliyi”, SSRİ-İran sazişlərini,özünü SSRİ-nin varisi elan edən Rusiyanın iddialarını, etirazlarınıqəbul etmədiyini bildirmişdir: “Azərbaycanın beynəlxalq hüquqla qorunan milli ərazisi və onun üzərindəki suveren haqları heç bir beynəlxalq müqavilə və dövlətlərarası sazişlərin, birgə və ayrıca fəaliyyətlərin predmetinə çevrilə bilməz.”
1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının mənimsənilməsilə bağlı xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanma mərasimdə çıxış edən Azərbaycan prezidenti Heydər Əliyev bəyan etmişdir ki, “Azərbaycan heç bir ölkənin milli haqlarını, yaxud beynəlxalq hüquq normalarının tələblərini pozmamış, əksinə öz iqtisadi zonasında bütün bölgə və dünya ölkələrinin maraqlarına müsbət təsir göstərən və qanuni fəaliyyət nümayiş etdirmişdir”.
Heydər Əliyev 22 fevral 1994-cü ildə Böyük Britaniya Sənayeçiləri Konfederasiyasında çıxışında demişdir: “Azərbaycan iqtisadiyyatı sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir və bu, müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə strateji yoludur. Biz bu yolu seçmişik və onu seçərkən dünya təcrübəsindən istifadə etmişik, bundan sonra da istifadə edəcəyik. Başqa bir ölkənin, o cümlədən də İranın, yaxud hər hansı bir qonşu dövlətin bizim bazar iqtisadiyyatına heç bir təsiri ola bilməz”.
20 sentyabr 1999-cu ildə Respublika sarayında “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı Ulu Öndər Heydər Əliyev bu Müqavilənin əhəmiyyətinə bir daha diqqət çəkmişdir: “Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdır. Ondan sonra isə tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar”.
Artıq Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil enerji siyasətinin təməli olan “Əsrin müqaviləsi”ndən başlanan yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirən Azərbaycan ən mühüm enerji layihələrində öz sözünü deyir, beynəlxalq miqyasda iqtisadi və siyasi çəkisini artırır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün fəal dəstəkçisi və iştirakçısı olmaqla bərabər həm də beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edir.