Bütün dünyaya günəş kimi doğan Azərbaycan istənilən sferada öz sözünü deyir

Bütün dünyaya günəş kimi doğan Azərbaycan istənilən sferada öz sözünü deyir

Afaq Səfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini

Günü-gündən nüfuzu artan ölkəmizi hələ də həzm edə bilməyənlər var. Siyasi arenada baş verənlər bunu deməyə əsas verir. Lakin kənardan gələn hər kiçik təkana belə öz diplomatik və obyektiv yanaşma tərzi ilə Cənab Prezidentimiz İlham Əliyev cavab verir və yerində oturmağın yolunu onlara göstərir. Elə Prezident İlham Əliyevin 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı gündəmin ən çox bəhs olunan olaylarından birinə çevrildi.

Cənab Prezident öz çıxışında bir çox məsələlərə toxundu və geniş açıqlamaları ilə bir cox nüanslara aydınlıq gətirdi. O, qeyd etdi ki, Azərbaycan münaqişəni özü həll edib. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.

ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk Qrupunun xidmətinə heç bir ehtiyac yoxdur. Bu artıq hər kəsə məlum məsələdir.

Bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük. Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi.

Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.

Bəli bütün bunlar bir daha sübut edir ki Prezidentimiz istənilən an, istənilən məsələyə yerində, adekvat cavab verəcəkdir. Hamı zəfər əldə edən ölkəmizə, onun maraqlarına, apardığı məqsədyönlü və sülhsevər siyasətə hörmətlə yanaşmalıdır.